Tezliklə beynəlxalq terminalın II mərhələsinin inşasına başlanacaq
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun bildirdiyinə əsasən, limanın ikinci mərhələsinin inşası ilə bağlı hazırlıq layihəsi və dizayn işləri yekunlaşdırılıb. Tikintiyə başlanılması qərarının isə gələn ilin əvvəlində veriləcəyi nəzərdə tutulub.
Onun sözlərinə görə, Bakı Limanının inşasının birinci mərhələsə 2018-ci ildə başa çatdırılıb. Hazırda limanın yükaşırma həcmi illik 15 milyon ton olub. İkinci mərhələnin yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb.
2024-cü ilin nəticələrinə toxunan T. Ziyadov bildirib: “Göstəricilərimiz proqnozların üzərindədir. Məsələn, konteyner, TIR daşımalarında çox yüksək nəticələr əldə edilib. Bu istiqamətdə göstəricilərin gələn il daha da artacağı gözlənilir. Xüsusilə gömrük rəsmilləşdirilməsi nəticəsində idxal-ixrac əməliyyatlarında artım olacağı proqnozlaşdırılır. Ötən il ən böyük artım tranzit sahəsində müşahidə olunub. Söhbət xüsusilə Çindən Avropa istiqamətində daşınan yüklərin tranzitindən gedir. Bu, əlbəttə ki, Orta Dəhliz layihəsi ilə bağlıdır. Biz bu artımın dayanıqlı olmasını istəyirik”.
Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. Bu ilin yanvar-noyabr aylarında isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq 4,1 milyon tona çatıb.
Bakı Limanında 2023-cü ildə 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə, təxminən, 16 faiz çoxdur. Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 faizi tranzit yüklərin payına düşüb. Hesabat ilində vaqon aşırılması 3,5 faiz azalaraq 37,3 min ədəd olub. Vaqonların 18,6 mini və yaxud 49,7 faizi Bakı–Türkmənbaşı–Bakı, 18,7 mini və yaxud 50,3 faizi isə Bakı–Kurık–Aktau–Bakı istiqamətində hərəkət edib.
Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3 faiz artaraq 54,2 min ədəd olub. Bu nəqliyyat vasitələrinin 25,8 mini (47,6 faizi) Bakı–Türkmənbaşı–Bakı, 28,4 mini (52,4 faizi) isə Bakı Kurık–Bakı istiqamətində daşınıb. Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 16 faiz azalaraq 43,9 min olub.
Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində qarşıdakı 3 il ərzində çeşidləmə məntəqəsində əlavə 4 dəmiryolu xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənməsində operativliyin təmin edilməsinə imkan yaradacaq.