AZ

2025-ci ilin dövlət büdcəsi nələr vəd edir? -Sosial siyasət

Gələn il xüsusilə həssas qruplara, şəhid ailələrinə və müharibə əlillərinə yönəlmiş proqramların miqyasının daha da genişləndirilməsi planlaşdırılır

Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən sonra həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb. Buna ilk növbədə qeyri neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə  daxili ehtiyat mənbələrindən geniş istifadə olunur. Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı səsləndirdiyi rəqəmlər də təsdiqləyir. Belə ki, nazirin sözlərinə görə,  Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayında 609 min (50 faiz) artım olub. Nazir bildirib ki, 2018-2024-cü illərdə 1,8 milyon nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub: "Həmin müddətdə 635 min şəxs işlə təmin edilib. Özünüməşğulluq proqramı başlayandan, yəni 2017-ci ildən, növbəti il də daxil olmaqla, proqrama cəlb ediləcək şəxslərin sayı 100 min olacaq". S.Babayev vurğulayıb ki, həmin müddətdə 36 min şəxs peşə hazırlığına, 830 min şəxs peşəyönümlü xidmətlərə cəlb edilib, 32 min şəxsə isə işsizlikdən sığorta təyinatı olub.

Son illərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar dövlətin bu sahəyə verdiyi önəmin əyani göstəriciləridir. Minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb, orta aylıq pensiya ümumi göstəricilərdə 2,4 dəfə artaraq 208 manatdan 494 manata yüksəlib, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artırılaraq 234 manatdan 527 manata çatıb. Müavinətlərin və təqaüdlərin ümumi məbləği 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatdırılıb. Ünvanlı dövlət sosial yardımı üzrə orta məbləğ 2,7 dəfə artırılaraq 175 manatdan 468 manata yüksəlib. Yaşayış minimumu 56 faiz artaraq 173 manatdan 270 manata çatdırılıb.Həmçinin ehtiyac meyarı isə 2,1 dəfə artaraq 130 manatdan 270 manata çatıb. Bu statistik göstəricilər Azərbaycanın sosial siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını aydın şəkildə nümayiş etdirir.

Dövlətin həyata keçirdiyi irimiqyaslı tədbirlər yalnız maddi dəstəklə məhdudlaşmır, eyni zamanda, vətəndaşların həyat keyfiyyətini artırmaq, onların sosial təminatını gücləndirmək və iqtisadi fəallığını dəstəkləmək məqsədini daşıyır. Hər bir artım rəqəminin arxasında sosial ədalət prinsiplərinə əsaslanan, vətəndaşların rifahını ön planda tutan bir siyasət dayanır. Məsələn, minimum pensiyanın 2,5 dəfə artırılması, xüsusilə yaşlı nəslin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir, orta aylıq pensiyaların və müavinətlərin əhəmiyyətli dərəcədə yüksəldilməsi isə bu sahədəki uzunmüddətli problemlərin həlli istiqamətində atılan mühüm addımdır. Ünvanlı sosial yardımların orta məbləğinin dəfələrlə artırılması və ehtiyac meyarının yüksəldilməsi kimi tədbirlər isə sosial həssas təbəqələrin yaşayış şəraitini yaxşılaşdırmaq və onları daha layiqli həyat səviyyəsinə çatdırmaq məqsədini daşıyır. Bu rəqəmlər yalnız maliyyə göstəricilərini deyil, həm də dövlət-vətəndaş münasibətlərində güvən və sosial harmoniyanın gücləndirilməsi istiqamətində əldə edilən uğurları əks etdirir. Azərbaycan dövləti vətəndaşlarına verdiyi bu dəstək vasitəsilə onların rifahını təmin etməklə yanaşı, sosial inteqrasiyanı sürətləndirir, vətəndaş cəmiyyətinin daha da güclənməsinə zəmin yaradır. Beləliklə, dövlətin sosial siyasətinin əsas prioriteti olan vətəndaş rifahı yalnız cari dövrün deyil, gələcək illərin də əsas strategiya xəttini təşkil edir.

Azərbaycan dövlətinin sosial siyasətdəki gələcək hədəfləri 2025-ci ilin büdcə layihəsində geniş şəkildə əksini tapıb. Büdcədə həssas qruplara, şəhid ailələrinə və müharibə əlillərinə yönəlmiş proqramların miqyasının daha da genişləndirilməsi planlaşdırılır. Bu, yalnız maddi dəstək tədbirləri ilə məhdudlaşmır, həm də onların yaşayış şəraitini yaxşılaşdırmağa, cəmiyyətə inteqrasiyasını artırmağa xidmət edir. Yeni mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin təmin edilməsi, eləcə də sosial-psixoloji dəstək xidmətlərinin genişləndirilməsi bu sahədə dövlətin vətəndaş mərkəzli yanaşmasının davamıdır. Büdcədə sosial siyasətlə yanaşı, idarəetmə mexanizmlərinin müasirləşdirilməsi də mühüm yer tutur. Mərkəzi və yerli icra qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklər şəffaflığın artırılmasını və ictimai xidmətlərin daha əlçatan olmasını təmin etməyi hədəfləyir. Elektron idarəetmə sistemlərinin tətbiqi və rəqəmsal texnologiyaların genişləndirilməsi bu məqsədlərə çatmaq üçün əsas vasitələrdən biri olacaq. Bu büdcə layihəsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının davamı olaraq, həm sosial, həm də iqtisadi sahələrdə əsaslı irəliləyişlər üçün mühüm zəmin yaradır. Dövlətin sosial siyasətdəki qətiyyətli mövqeyi, vətəndaşların rifahını daha da yüksəltmək və onların həyat keyfiyyətini yaxşılaşdırmaq istiqamətində yeni perspektivlər açır.

Sevinc Azadi, “İki sahil”

phrase_var_article.chosen
34
ikisahil.az

1phrase_var_article.sources