AZ

Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - ŞƏRH

Paşinyanın komandası reallıq hissini itirib, ya da bilərəkdən özlərini növbəti öldürücü münaqişəyə doğru sürükləyirlər

Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq. Qriqoryan vurğlayıb ki, İrəvan dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinin reallaşmasına imkan verməyəcəklər. Xatırladaq ki, ötən gün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçiriləcəyini deyib. O qeyd edib ki, Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycanı güclü şəkildə dəstəkləyir: 

“Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına əsaslanır. Bunun sülh dəhlizinə çevriləcəyinə ümid edirəm”. Qeyd edək ki, Türkiyənin Suriyada böyük uğur əldə etməsi, regional güc olaraq imkanlarını genişləndirməsinin Cənubi Qafqaza sirayət edəcəyini düşünən erməni siyasətçi və ekspertlərinin “narahatlıqları” da davam edir. Əksər şərhlərdə əsas diqqət mərkəzi Zəngəzur dəhlizinin açılmasına yönəlikdir. Erməni politoloqlar hesab edir ki, Azərbaycanın qarşısında artıq bu məsələdə heç bir maneə qalmayıb. Politoloq Sergey Melkonyan bildirib ki, Zəngəzur dəhlizini açmaq məqsədilə Azərbaycanın Ermənistana hücum ehtimalı getdikcə artır. O, Azərbaycan Ordusunun İran qüvvələri ilə hərbi təlim keçirməsini bunun “sübutları”ndan biri kimi göstərib. Halbuki erməni politoloqlar hər zaman Zəngəzur dəhlizinin açılmasında əsas maneənin Tehran olduğunu vurğulayırlar. Melkonyanın fikrincə, Azərbaycan bu təlimi keçirməklə, İrana “ona qarşı heç bir hərəkəti olmadığını” göstərmək istəyib. Geosiyasi vəziyyətə gəlincə, ekspert iddia edib ki, Rusiya və İranın regionda rolu azalıb, Türkiyənin isə artıb və bu, Azərbaycan üçün “tarixi imkanlar” açır.


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan tərəfinin hansı məntiqlə Zəngəzur dəhlizinə imkan verməyəcəyini bəyan etməsini anlamaq çətindir. Ekspertin sözlərinə görə, əvvəla, bu məsələ üçtərəfli bəyannamənin əsas tələblərindən biridir:

 "Digər yandan bu istiqamətdə tərəflər arasında həm danışıqlar gedir, həm də kommunikasiyaların inşası davam etdirilir. Tutaq ki, Ermənistan hakimiyyəti rəsmi olaraq bu razılaşmanı pozmaq haqqında bəyanat verdi. Bəs o zaman qarşı tərəf hansı hərbi və iqtisadi resurslarına güvənərək bu addımı atacaq?! Hesab edirəm ki, ya Ermənistan rəhbərliyi reallıq hissini itirib, ya da bilərəkdən özlərini növbəti öldürücü münaqişəyə doğru sürükləyirlər. Ermənistan nə keçmişdən, nə də indi dünyada gedən proseslərdən nəticə çıxarmaq istəyir". 

Siyasi şərhçinin fikrincə, digər məsələ Azərbaycanı Naxçıvanla birləşdirən quru yolun İran ərazisindən keçməsinin mümkünlüyüdür: 

"Bu barədə artıq İran tərəfi ilə razılaşma mövcuddur. Fikrimcə, indiki şəraitdə biz alternativ variant olaraq bunu çox ciddi qəbul etməliyik. Hətta deyərdim ki, bizim üçün bu yolun İrandan keçməsi daha çox əhəmiyyətlidir. Bunun detallarına varmadan və ətraflı izahatını vermədən anlamalıyıq ki, bu layihə gələcəyimiz üçün çox vacibdir".


Seçilən
72
50
sherg.az

10Mənbələr