Milli Məclisdə görüş keçirildi
Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin varlığı ən mühüm amillərdən biridir. Bu cəmiyyət dövlətlə sıx, qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır. Bir məqamı xüsusilə vurğulamaq lazımdır: Hüquqi dövlət quruculuğu prosesində diplomatiya amili əsas meyarlardan biri hesab olunur. Belə ki, inkişaf etmiş bütün ölkələrdə gənc diplomatların yetişdirilməsi, bacarıqlarının artırılması üçün onlarla işgüzar əlaqələrin qurulması, özünütəqdim, diplomatik protokol, effektiv yazı və digər əhəmiyyətli mövzular üzrə praktiki təlimlər keçirilir. Qeyd edək ki, ölkəmizdə də gənc diplomatlar üçün mütəmadi olaraq Azərbaycanın diplomatiya tarixi, daxili və xarici siyasət kimi mövzuları əhatə edən mühüm təlimlər, görüşlər keçirilir. Yeri gəlmişkən, dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri Xarici İşlər Nazirliyinin “Diplomatiya Könüllüləri” qrupu ilə görüşüblər. Görüşdə çıxış edən komitə sədri Səməd Seyidov Azərbaycanın əldə etdiyi uğurlar və bu nailiyyətlərin qorunub inkişaf etdirilməsində gənclərin rolu barədə fikirlərini bölüşüb.
Gənclərimiz daha fəal olmalıdır
S.Seyidov ərazi bütövlüyümüzün təmin edilməsi ilə ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq deyib ki, bu, böyük nemətdir və bunu qorumaq, inkişaf etdirmək vətəndaş cəmiyyətinin, xüsusilə, gənclərin üzərinə düşür. Komitə sədri həmçinin Azərbaycan diplomatiyasının əldə etdiyi nailiyyətlərə diqqət çəkərək bildirib ki, bu, gələcəkdə gənclər tərəfindən uğurla davam etdirilməlidir. O, gəncləri daha fəal olmağa, ölkənin inkişafı üçün verilən imkanlardan maksimum yararlanmağa çağırıb.
Komitə sədri Prezident İlham Əliyevin ölkənin qarşısında dayanan məsələlərlə bağlı verdiyi mesajların əhəmiyyətini vurğulayaraq, gənclərin bu istiqamətdə fəal iştirakı üçün geniş imkanların yaradıldığını qeyd edib.
2019-cu ildən etibarən...
Görüşdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəis müavini Vasif Əliyev bildirib ki, “Diplomatiya Könüllüləri” proqramı 2019-cu ildən fəaliyyət göstərir və artıq 5 ildir uğurla davam edir. Bu proqram çərçivəsində nazirlikdə 250-dən çox gənc təcrübə keçib. Proqramın seçim prosesi kifayət qədər rəqabətli şəraitdə keçir və hər il böyük maraq doğurur.
O, qeyd edib ki, 2024-cü il üzrə seçim prosesinə 300-ə yaxın namizəd müraciət edib. İlk mərhələdə meyarlara uyğun olaraq 140 nəfər seçilib. Daha sonra bu namizədlər Xarici İşlər Nazirliyinin struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən müsahibədən keçirilib. Nəticədə 60 nəfər proqramda iştirak hüququ qazanıb və hazırda onlar nazirliyin müxtəlif bölmələrində təcrübə keçirlər. Altı ay davam edəcək bu proqram oktyabrda başlayıb və fevralda yekunlaşacaq. Bu müddət ərzində iştirakçılar həm nəzəri, həm də praktiki biliklər qazanır, müxtəlif təlimlərdə iştirak edirlər. Proqram çərçivəsində aidiyyəti dövlət qurumlarına və strateji obyektlərə səfərlər təşkil olunur.
Könüllülər müxtəlif dövlət qurumlarında...
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rizvan Nəbiyev, Qaya Məmmədov, Zaur Şükürov və Ramid Namazov çıxış edərək, gənc diplomatlarla bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alıb və müxtəlif sahələrdə böyük əhəmiyyət qazanıb. Könüllülər artıq bir çox dövlət qurumlarının fəaliyyətində fəal iştirak edir və müxtəlif tədbirlərdə mühüm rol oynayırlar. Gələcəyin diplomatları, deputatları və qərar verən liderləri olan gənclərin bu prosesdə iştirakı xüsusi önəm kəsb edir.
Diplomatiyamızın parlaq dövrü...
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün son illər diplomatiya sahəsində parlaq bir dövr olub. Ölkəmiz COP29-a ev sahibliyi etməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirib.
Eyni zamanda, bildirilib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz ədaləti bərpa etdi və hazırda regionda mövqelərimiz daha güclənib. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində parlamentin, diplomatların, ümumilikdə vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür. Görüş sual-cavab formatında davam edib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.