Bakı, TurkicWorld
Təhsil Tələbə Krediti Fondunun elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşmişdir.
TurkicWorld xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov media brifinqində deyib.
O bildirib ki, bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.
Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat və maarifləndirmə işlərinin aparıldığını qeyd edən B.Əzimov, hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyini və bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırıb.
Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd olunub.