AZ

D-8-ə üzvlüyümüz Azərbaycana nə verəcək? - AÇIQLAMA

“D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvülük ölkəmizə yeni əməkdaşlıq imkanıları yaradır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Onun sözlərinə görə, bu təşkilat üzv ölkələr arasında sərbəst ticarət zonaları yaradaraq, müvafiq məhsulların və xidmətlərin daha az maneə ilə dövriyyəsini təmin edir.

Müsahibimiz bildirib ki, Azərbaycan üçün bu, yeni bazarlara çıxış və iqtisadi əməkdaşlığın artması deməkdir:

“Bu təşkilata üzvülük Azərbaycana xarici investisiyalar cəlb etməsində yeni imkanlar qazandıra bilər. Təşkilat üzv ölkələri arasında qarşılıqlı investisiya mübadiləsi, texnologiya və bilik transferi imkanlarını genişləndirəcək. D-8 təşkilatının üzvülüyü, Azərbaycanın regional sabitlik və sülh təşəbbüslərində daha fəal iştirak etməsinə imkan yaradacaq. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artıracaq və qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın inkişafını təşviq edəcək".

Deputat vurğulayıb ki, D-8 platforması Azərbaycanın təhsil, mədəniyyət və turizm sahələrində beynəlxalq əlaqələrini genişləndirməsinə də kömək edəcək.

Azər Badamov: D 8-ə üzvlüyümüz ölkəmizə böyük faydalar gətirəcək

A.Badamov bildirib ki, bu təşkilata üzvülük Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək. Ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına səbəb olacaq.

“D-8-ə üzv olmaqla Azərbaycan həm regional, həm də qlobal səviyyədə daha güclü bir oyunçuya çevrilə bilər. Bu səbəbdən, Azərbaycanın D 8-ə üzv olmasının iqtisadi, siyasi və sosial baxımdan ölkəmizə böyük faydalar gətirəcəyinə inanıram", - deyə Azər Badamov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yekdilliklə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilib. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

Aydın Baxış

phrase_var_article.chosen
19
50
bakivaxti.az

10phrase_var_article.sources