AZ

Malayziya 10 il əvvəl itkin düşən təyyarənin qalıqlarının axtarışını bərpa edəcək


Malayziya Nazirlər Kabineti 10 ildən sonra Malayziya Hava Yollarına məxsus MH370 reysi ilə itkin düşmüş təyyarənin qalıqlarının axtarışını bərpa etməyə razılaşıb.

APA xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Antony Loke mətbuat konfransında bildirib.

Nazir bildirib ki, axtarışları ABŞ-də yerləşən özəl dəniz kəşfiyyatı şirkəti “Ocean Infinity” aparacaq.

Onun sözlərinə görə, qalıqlar aşkar edilərsə, şirkət 70 milyon dollar alacaq.

"Ümid edirik ki, bu dəfə müsbət olacaq, dağıntılar tapılacaq və ailələrə təslim ediləcək", - nazir vurğulayıb.

Qeyd edək ki, 227 sərnişin və 12 ekipaj üzvü olan MH370 reysi olan Boeing 777 təyyarəsi 2014-cü il martın 8-də Kuala Lumpurdan Pekinə uçarkən yoxa çıxıb.

Malayziya, Çin və Avstraliya Hind okeanının cənubunda təyyarənin qalıqları üçün birgə axtarış aparıb. Lakin heç bir əhəmiyyətli tapıntı olmadığı üçün 2017-ci ilin yanvarında birgə axtarışlar başa çatıb.

Müstəntiqlər daha əvvəl təyyarənin qəsdən kursdan çıxarılması ehtimalını istisna etməyiblər.

Seçilən
10
apa.az

1Mənbələr