AZ

Beynəlxalq ekspedisiya Böyük Qafqaz səddində tədqiqat aparır

Balakən, 20 dekabr, AZƏRTAC

Misir ehramları tarix üçün nə qədər əhəmiyyətlidirsə, Böyük Qafqaz səddi də Qafqazın tarixi üçün bir o qədər vacib və əhəmiyyətlidir. Bu fikirlər tarixçi ailimlərin Böyük Qafqaz səddi haqqında gəldiyi qənaətdir.

Balakənin Katex kəndi ərazisindən keçən və günümüzə kimi gəlib çatan Böyük Qafqaz səddi hər zaman arxeoloq və tarixçi alimlərin tədqiqat mərkəzində olub. Bu dəfə dünyanın iki məşhur ali təhsil ocağının - Şotlandiyanın Edenburq və İngiltərənin Kembriç universitetlərinin alimləri bir araya gələrək, onun tədqiqinə və inşa tarixinin öyrənilməsinə qərar verib.

AZƏRTAC-ın bölgə müxbiri tədqiqatçı mütəxəssislərə istinadən bildirir ki, bu layihənin icrası şimal-qərb bölgəsində tarixi abidələrinin öyrənilməsi yolunda yeni mərhələnin başlanğıcına, bölgədə turizmin canlanmasına səbəb olacaq.

Beynəlxalq ekspedisiyanın üzvləri - Şotlandiyanın Edenburq Universitetinin professoru, layihə rəhbəri Eberhart Sauer və İngiltərənin Kembriç Universitetinin professoru David Nasxitaşvili artıq bir neçə gündür ki, şimal-qərb bölgəsində tarixi abidələrdə tədqiqat işləri aparırlar. Ekspedisiya üzvlərinə bölgənin tarix-memarlıq abidələrinin öyrənilməsində 30 illik təcrübəsi olan AMEA Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi Akif Məmədli kömək edir. Mütəxəssislərin üzərində çalışdığı ən maraqlı iş Böyük Qafqaz səddinin inşasına dair məlumatları dəqiləşdirmək, həmçinin onun uzunluğu haqqında yazılanları müəyyən etməkdən ibarətdir.

Tarixi mənbələrə əsasən, Böyük Qafqaz səddinin inşasına V əsrin sonlarından başlanılıb. Sədd Şəki yaxınlığından başlayır və Gürcüstanın içərilərinə doğru uzanır. Səddin ümumi uzunluğu bəzi mənbələrdə 120, bəzilərində isə daha çox, yəni 160 kilometr göstərilir. Onun qalıqlarının bir hissəsi Balakənin Katex, cüzi hissəsi isə Zaqatalanın Pərzivan ərazisində müşahidə olunur. Deyilənlərə görə, səddin qalıqları Qaxın Güllük kəndində də var.

Beynəlxalq ekspedisiyanın layihə rəhbəri Eberhart Sauerin tədqiqat sahəsinə Roma imperiyası, İranda Sasanilər dövründə müdafiə tikililəri, müdafiə sədlərinin araşdırılması daxildir. Alim Qafqaz regionunda da müdafiə sədlərinin tədqiqini aparır. Bu mənada Azərbaycandan başlayan və Gürcüstana kimi uzanan bu səddin araşdırılması onun tarixinə aydınlıq gətirə bilər. Ekspedisiya üzvləri bununla bağlı Gürcüstanda olub, daha sonra Azərbaycana gəliblər. Layihə rəhbəri səddin qalıqlarına Balakəndə, Zaqatalanın Pərzivan, eləcə də Qaxın Güllük kəndi ərazisində rast gəlindiyini bildirir.

Onun sözlərinə görə, hazırda başlıca məqsəd ərazidən nümunələr götürərək, onları təmsil etdikləri qurumların laboratoriyalarında analiz etməkdən və tarixi abidələrin yaşını müəyyənləşdirməkdən ibarətdir. Növbəti layihədə isə ərazidə arxeoloji qazıntıların aparılması nəzərdə tutulur.

“Gələcəkdə bu məkanlarda aparacağımız arxeoloji qazıntılarla biz Albaniyanın və qonşu İberiyanın şimal sərhədlərinin necə təşkil olunduğunu anlaya biləcəyik. Bu divarların yaşı haqqında müxtəlif fikirlər var. Amma dəqiq məlumat yoxdur. Biz götürdüyümüz analizlərlə onun yaşını müəyyən etməyə çalışacağıq” - deyən Eberhart Sauer Balakəndə Gərəkli kəndinin yüksək dağlıq ərazisində yerləşən “Pəri qala”da da olduqlarını, bu tarixi məkanın unikal relyef və tikintisinin onlarda heyranlıq doğurduğunu söyləyib. Ekspedisiya üzvlərinin qənaətinə görə, hər tərəfi sıldırım qayalarla əhatə olunan bu qala Qafqaz regionunda nadir abidələrdəndir.

İngiltərənin Kembriç Universitetinin professoru David Nasxitaşvili Azərbaycanın tarixi və arxeologiyası barədə məlumatı olan alimlərdəndir. On il əvvəl beynəlxalq ekspedisiya çərçivəsində Azərbaycanda tədqiqat və arxeoloji qazıntılarda iştirak edib. Budəfəki layihəyə gəldikdə isə bildirir ki, onlar səddin qalıqlarına daha çox Azərbaycanda təsadüf edir və bu, başlanğıc üçün çox mühüm və sevindirici xəbərdir. David Nasxitaşvili bildirir ki, layihə çərçivəsində 7 gün Gürcüstanda işlədikdən sonra Azərbaycana gəliblər. “Bu, kiçik ölçülü layihə kimi görünsə də, iştirakçıları yetərincə tanınmış insanlardır. Layihəmizdə Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, Şotlandiyanın Edenburq, İngiltərənin Kembriç və Polşanın Poznan universitetləri iştirak edir”, - deyə o vurğulayır.

AMEA-nın Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi Akif Məmmədli bildirib ki, ekspedisiya üzvlərinin səylərinin nəticə verəcəyini ümidlidir. Çünki tədqiqatçı alim 30 il bu istiqamətdə çalşsa da ilk dəfədir ki, beynəlxalq ekspedisiya tərəfindən ətraflı iş aparılır. Gələcəkdə ərazidə arxeoloji tədqiqatların aparılması üçün zəmin yaranıb.

Beynəlxalq ekspedisiyanın layihə rəhbəri Eberhart Sauerin sözlərinə görə, ilkin tədqiqat və müşahidələr səddin uzunluğundan və onun ciddi tədqiqata ehtiyacı olduğundan xəbər verir. Buradan götürülən ağac kömür və suvaq nümunələri onun inşa tarixini dəqiqləşdirməkdə alimlərə yardımçı olacaq. Tədqiqatçı alimlər səddin inşa tarixini müəyyən edəndən sonra növbəti ekspedisiya təşkil etməyi, Gərəkli ərazisindəki “Pəri qala”da və səddin Katex kəndi ərazisindən keçən hissəsində də arxeoloji qazıntıların aparılmasını nəzərdə tutur.

Seçilən
23
azertag.az

1Mənbələr