AZ

Ermənistan bu mesajlardan nəticə çıxarmalıdır - Fatma Yıldırım

“Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri ilə bağlı fikirlərini açıqladı. Dövlətimizin başçısı sülh sazişinin layihəsi barədə də vacib məqamları bəyan edib”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb:

"Eyni zamanda, dövlətimizin başçısı dünyada qütbləşmə, Ukrayna, Gürcüstanda baş verən hadisələrlə bağlı mövqeyini ifadə edib. Bütün bunların fonunda Azərbaycan beynəlxalq müstəvidə müstəqil siyasət yürütməsi ilə tanınır. Bu da müəyyən Qərb dairələrində qıcıqla qarşılanır. Ona görə də, ABŞ, Fransa kimi ölkələr Azərbacana qarşı qərəzli kampaniyalar aparırlar. Biz bunun nümunəsini COP29 ərəfəsində də gördük. Lakin onların bu cəhdi də uğursuz oldu. Azərbaycan bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Həmçinin, COP29-da qlobal iqlim dəyişiklikləri ilə mübarizədə vacib qərarlar qəbul olundu.

Lakin Qərb ölkələri qərəzli kampaniyalarla kifayətlənməyərək, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Fransa, ABŞ tərəfindən Ermənistanın silahlandırılması bunun göstəricisidir. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik".

Millət vəkilinin sözlərinə görə, Ermənistan sülh istəyirsə, Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır:

"Nəzərə alaq ki, sülh sazişi layihəsinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan geri durmaqdır. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi fikirlərdən aydın olur ki, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. Lakin sonradan bu missiyanın sayı və müddəti artırıldı. Görünən odur ki, bu missiya sərhədlərimizdə kəşfiyyatla məşğuldur"

“Bütövlükdə, cənab Prezidentin müsahibəsi çox əhatəlidir. Burada beynəlxalq birlik üçün də ciddi mesajlar var, o cümlədən, Ermənistan bu mesajlardan nəticə çıxarmalıdır”, - deyə Fatma Yıldırım vurğulayıb


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
19
3
teleqraf.com

5phrase_var_article.sources