AZ

Azərbaycan qlobal proseslərə təsir imkanlarını artırır



Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində çox önəmli məsələlərdən bəhs edib, bu geniş müsahibədə reallıqları bir daha səsləndirib. Ölkənin 2025-ci il üçün hərbi büdcəsinin rekord həddə – 5 milyard dollar olacağını bildirib. Cənab Prezident bunu silahlanma yarışı ilə izah edib: “Ermənistan bizimlə silahlanma yarışına tab gətirməyəcək, silahların böyük hissəsini Qərbdən pulsuz və ya kreditlə alır baxmayaraq, hansı ki, sonradan silinəcək”. Rusiya ilə NATO arasında münasibətlərin aşkar qarşıdurmaya getməyəcəyinə ümid etdiyini bildirib. Deyib ki, “NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”. Cənab Prezident İlham Əliyev Azərbaycanın müharibə edən tərəflər arasında danışıqlar üçün platforma təqdim etmək imkanını qeyd edib. Bildirib ki, “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”. Cənab prezidentinin sözlərinə görə, həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil: “Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”. Ermənistanın üçüncü dövlətlər tərəfindən silahlandırılmasından danışan Prezident İlham Əliyev təhdidlərin “kifayət qədər ciddi” olduğunu vurğulayıb: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”. Azərbaycan liderinin sözlərinə görə, Ermənistanın sürətlə silahlanması ona gətirib çıxarıb ki, 2025-ci ilin hərbi büdcəsi Azərbaycan üçün rekord olacaq: “Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik”. Cənab İlham Əliyev əlavə edib ki, o, silahlanma yarışını fəlakətli yol hesab edir: “Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”. Cənab Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi çərçivəsində böyük irəliləyiş əldə ediblər. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb. “Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”, – Azərbaycan prezidenti vurğulayıb. Əlavə edib ki, hələlik razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan çəkinməyə aiddir: “Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır”, – Azərbaycan lideri bildirib. “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?” Prezident İlham Əliyev Gürcüstandakı vəziyyətə də münasibət bildirib. “Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur”. “Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir”. Cənab Prezident qeyd edib ki, Azərbaycan mediası bir faiz də olsa xarici mənbədən maliyyələşə bilməz: “Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”.


Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




phrase_var_article.chosen
14
1
aia.az

2phrase_var_article.sources