AZ

Çox üşüyənlərin diqqətinə: "Səbəb qan azlığı və vitamin çatışmazlığı ola bilər"

"Bu əlamətlər mövcudsa, pasiyentlər mütləq həkimə müraciət etməlidirlər".

"Qış aylarında ən çox yuxarı tənəffüs yollarının respirator xəstəlikləri ilə bağlı müraciətlər daxil olur. Bu xəstəliklər özünü titrəmə, boğaz ağrısı, burun axması kimi əlamətlərlə göstərir. Lakin bəzi hallarda pasiyentlər sağaldıqdan sonra belə, onlarda üşütmə və titrəmə kimi əlamətlər qalır. Bu tip pasiyentlərin çoxunda qan azlığı müşahidə olunur".

Bunu "Operativ Media"ya açıqlamasında Terapevt Süphan Hacıyev bildirib.

Onun sözlərinə görə, bu qan azlığı həm də dəmir defisiti anemiyası, vitamin çatışmazlığı (məsələn, B12 və ya fol turşusu çatışmazlığı) nəticəsində meydana gələ bilər:

"Qan azlığı orqanizmdə ümumi qan dövranının azalmasına səbəb olur. Heç kimin üşümədiyi mühitdə belə, bu tip insanlar üşüyürlər. Bununla yanaşı, həmin şəxslərdə baş gicəllənməsi, yorğunluq və tez-tez yuxululuq kimi əlamətlər də görülə bilər. Bəzi hallarda ürək-damar sisteminin zəifliyi də özünü göstərə bilər. Bu, damar tonusunun zəifləməsi ilə müşahidə edilir və nəticədə damar spazmları yaranır. Belə pasiyentlərdə həm yuxarı, həm də aşağı ətraflarda – əllərdə və ayaqlarda üşümələr, buzlanmalar müşahidə oluna bilər. Üstəlik, bu nahiyələrdə dərinin rəngi solğunlaşa bilər".

Həkim qeyd edib ki, bu əlamətlər mövcudsa, pasiyentlər mütləq həkimə müraciət etməlidirlər.

Seçilən
20
operativmedia.az

1Mənbələr