AZ

Azər Bağırov: “Qol hissiyatı güclü olan futbolçular axtarırıq”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolda yazılan və yazılmayan qaydalar var. Şükürlər olsun ki, son oyunlarda komanda yaxşı təsir bağışlayır. Sadəcə kobud səhvlər üzündən xal və ya xallar itiririk. “Neftçi” ilə matçımız da bunu göstərir. Bu gün meydanda “Kəpəz” var idi. Hər iki hissədə. Yaxşı qol epizodlarımız oldu. Əfsuslar olsun ki, belə bir oyunu qazana bilmədik. Ancaq qabağa baxmaq lazımdır. Qarşıda çox çətin 3 və 4-cü dövrə var. Artıq orada itirəcək çox şeyimiz yoxdur. Ancaq qazanmaq lazımdır. Əlbəttə, seleksiya işlərimiz gedəcək. Qarşıdakı dövrələrə daha yaxşı hazırlaşmalıyıq.
– Seleksiya dedikdə, kütləvi dəyişiklik gözlənilir?
– Xeyr, ilk vaxtlarda “Kəpəz”ə gəldikdə belə böyük dəyişikliklər mümkün deyil. Bugünkü büdcəmiz buna imkan vermir. Sadəcə olaraq 3-4 futbolçu dəyişmək istəyirik. İnşallah ki, bu yöndə işlərimiz gedir. Qol hissiyatı güclü olan futbolçular axtarırıq. Düşünürük ki, komanda bu qədər qol epizodları yaradır, amma fərqlənə bilmirik. Buna görə üzülürük. Bizim kimi yeni formalaşan komandaların qapısında yaranmış yarım qol epizodu da qolla nəticələnə bilir. Ona görə də yaxşı müdafiə olunmalısan. Psixoloji üstünlüyü də həmişə öz tərəfində saxlamalısan.
– “Kəpəz”ə gələndən sonra nəyi dəyişə bildiz və ya nəyi nəyi dəyişə bilmədiz?
– 6-cı turdan komandanı götürmüşəm. İlk 3-4 tur axsamalarımız oldu. Ondan sonra komanda nə istədiyini bilirdi. Bu gündə meydançaya çıxan oyunçular 80 faiz nə edəcəyini bilir. “Neftçi”ylə matçı çıxsaq, demək olar ki, bütün xallarımızı 2-ci dövrədə qazanmışıq. Məncə, qənaətbəxşdir. Daha yaxşısını etməyə çalışacağıq.
– Viktor Braqanın qaçırtdığı epizodları necə dəyərləndirərdiz?
– Ustalıq deyərdim. “Neftçi” ilə oyunun 90-cı dəqiqəsində də təkbətəkdən yararlana bilmədi. Xallar belə qazanılır. Məncə, ustalığı çatmır. Bəlkə də futbolçular arasında ən çox qaçan Braqadır. Sadəcə ustalıq öz sözünü deyir. Ancaq bu heyətlə də rəqiblərə qarşı yaxşı mübarizə aparmışıq.

Şahin Cəfərov

Seçilən
10
futbolpress.az

1Mənbələr