AZ

“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq”- Erməni baxıcı sifarişlə işləyir...

Image

Şakir Ağayev: “Bu, Paşinyan hakimiyyətinin, əsasən də xüsusi xidmət orqanlarının “münəccim” adından cəmiyyətə ötürdüyü bir mesajdır”

Görünür, reallıqla barışmaq, tezliklə sülh müqaviləsinin imzalanmasına nail olmaq əvəzinə, Nikol Paşinyan hakimiyyəti baş qatmaqla məşğul olmağı daha üstün tutur. Ermənistan tərəfdən ənənəvi olaraq qeyri-ciddi yanaşmaların, məsələdən yayınmağın, sülh müqaviləsinin imzalanmasına mane olan addımların şahidi oluruq. 

Bu ölkənin bəzi anormal düşüncəli siyasilərinin sərsəmləmələrini çox eşitmişik, bu az imiş kimi, indi də ortaya Paşinyanın “saray münəccimi” Lyusya Akopyan çıxıb və “qeybdən dürlü-dürlü xəbərlər verir”. 

Özünü “astroloq” kimi qələmə verən “saray münəccimi” 2025-ci illə bağlı “proqnozlar verib”.  

O iddia edir ki, “müharibəyə ilk başlayan, xalqlara hücum edən dövlətlər”, guya Azərbaycan, İsrail, Türkiyə, Rusiya qaçılmaz “cəzanı çəkəcək”, guya bunlar “səmavi fəlakətlərdir”. O iddia edib ki, 2025-ci ildə Rusiya-Ukrayna müharibəsi bitməyəcək. Deyib ki, təkcə Ermənistanda deyil, bütün dünyada maliyyə çətinlikləri olacaq, qiymətlər qalxacaq, iqtisadi tənəzzül olacaq, “müsəlman ölkələri, xüsusən də Türkiyə yaxşı vəziyyətdə olmayacaq”. 

Başqa ölkələrlə bağlı ermənisayağı proqnozlar verən Akopyan Nikol Paşinyanla bağlı xoş sözlər söyləyib. “Ermənistan Respublikasında hakimiyyət dəyişikliyi olmayacaq, Paşinyan getməyəcək”. 

Erməni mətbuatı yazır ki, bəzi astroloqların açıqlamalarına baxmayaraq, Akopyan yalnız Ermənistanda əmin-amanlığın olacağını iddia edir: “Bəli, kiçik fəlakətlər olacaq, lakin zərər gətirməyəcək. Heç bir dəhşətli fəlakət olmayacaq. 2024-cü ili müharibəsiz başa vuracağıq və 2025-ci ildə Ermənistanda dəhşətli müharibələr görmürəm. 2025-ci ildə vətəndaş iğtişaşları və aldatma Ermənistanda daha böyük narahatlıq yaradacaq. Bu adamlar cəzalandırılacaq, cəzası isə xərçəng və bağırsaq problemləri olacaq.

Yunanıstanda çevriliş olacaq, Fransada sülh olmayacaq, Bolqarıstanda sülh olacaq, Rusiyanın bəzi şəhərlərində pandemiya olacaq, Hindistanda infeksiyaların sayı artacaq, Çin Rusiyanı aldadacaq” - deyə Akopyan iddia edib. 

Akopyan “əminliklə” iddia edib ki, 2025-ci ildə “Sülh müqaviləsi” imzalanmayacaq, “Zəngəzur dəhlizi” olmayacaq, Turan ideyası həyata keçməyəcək, lakin sərhədlərə yenidən baxılacaq.

Qarabağdan köçüb getmiş ermənilərlə bağlı da “proqnoz” verən Paşinyanın “saray münəccimi”  iddia edib ki, ermənilər qayıdıb “öz torpaqlarında yaşayacaqlar”. 

Erməni ekstrasens, guya astroloq "proqnoz" verir ki, Paşinyanın hakimiyyəti dəyişməyəcək, Paşinyan hakimiyyətdə qalacaq. Deyib ki, mitinqlərin mənası yoxdur. Yəni o, burda Paşinyanın və ermənilərin xeyrinə olan çoxlu sözlər söyləyib. Bu adam sanki "Allahın əli" ilə Paşinyanın lobbiçiliyini edir. Bu "astroloq" deyir ki, Paşinyanın işləri yaxşı olacaq, hakimiyyəti güclənəcək. Bir sözlə, nə deyibsə, hamısı Paşinyanın və ermənilərin xeyrinədir. İlk baxışdan görsənir ki, bu adam Paşinyana yaxındır və qəsdən onun hakimiyyətini müdafiə edən fikirlər bildirib. 

“Bu “proqnozu” Paşinyan hakimiyyətinin təşkil etdiyi aşkardır”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Akopyanın astroloq olub-olmadığını bilmir, amma bu cür proqnozu Paşinyan hakimiyyətinin təşkil etdiyi aşkar görünür: “Adətən belə proqnozları ictimai rəy formalaşdırmaq üçün hakimiyyətlərin özləri təşkil edir. Yəni ictimai rəyə uyğun olaraq sübut etmək istəyir ki, hakimiyyətləri möhkəmdir, xalq onları istəyir, hakimiyyət dəyişməyəcək. Bu “proqnozu” Paşinyan hakimiyyətinin təşkil etdiyi aşkardır. Sözsüz ki, Paşinyan hakimiyyətdə qalmaq istəyir və sülh müqaviləsini də ona görə bağlamaq istəmir, vaxtı uzadır. Çünki 2026-cı ildə Paşinyanın seçkisidir və ona görə də Baş nazir anlayır ki, sülh müqaviləsini imzalayarsa müxalifət ona daha böyük ittihamlar irəli sürə bilər, seçkidə qalib gəlməsi çətin olar”.

Ş.Ağayev vurğuladı ki, bu, Ermənistanda hakimiyyətdə olan qüvvələrin, əsasən də xüsusi xidmət orqanlarının ictimai rəy formalaşdırmaq üçün bu “münəccimin” “proqnozundan” istifadə etməsi deməkdir. “Bu, Paşinyan hakimiyyətinin, əsasən də xüsusi xidmət orqanlarının “münəccim” adından cəmiyyətə ötürdüyü bir mesajdır. Heç kəs bilə bilməz ki, nə baş verəcək. Hətta bir gün sonra nə baş verəcəyini indiki mürəkkəb geosiyasi durumda demək çox çətindir.

Azərbaycan və Türkiyə ilə bağlı “proqnoza” gəlincə, düşmən mövqeyi necə olmalıdır, o cür də yanaşma sərgilənib. Burada erməni qərəzi, erməni düşmənçiliyi özünü göstərib. Sözsüz ki, məğlub olmuş erməni ictimaiyyətini, erməni hakimiyyətini sakitləşdirmək üçün belə “proqnozlar” verilməlidir. Mən belə “proqnozları” ciddiyə almıram və o adamın dediklərini də ciddi saymıram. Onun dili ilə Ermənistanın başqa ölkələrə və xalqlara münasibəti göstərilir. Dünyanın siyasətini, geopolitik oyunları astroloqlar həll etmir, böyük dövlətlərin rəhbərləri həll edirlər. Məsələnin mahiyyəti bundan ibarətdir” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA





phrase_var_article.chosen
38
baki-xeber.com

1phrase_var_article.sources