AZ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edildi

Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Yenisabah.az xəbər verir ki, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi həyata keçirilib.

Audit nəticəsində müəyyən edilib ki, bir sıra rayonlarda, məsələn, İmişli, Saatlı və Bərdə rayonlarının bəzi hissələrində kollektor sularından duzsuzlaşdırılma aparılmadan suvarma məqsədləri üçün istifadə edilməsi ərazilərin müxtəlif səviyyəli təkrar şorlaşmasına səbəb olub. Bununla belə, kollektor sularının minerallıq səviyyəsinin aşağı olması duzsuzlaşdırıldıqdan sonra, eləcə də duzsuzlaşdırılma aparılmadan Xəzər dənizinə axıdılan kollektor sularının minerallıq səviyyəsinin suvarma suyuna yaxın və ya ona uyğun olması həmin sulardan təkrar istifadə, həmçinin gəlir potensialının olmasını deməyə əsas verib. Yetərli sayda və yerlərdə hidropostların olmaması isə ötürülən suyun dəqiq miqdarının müəyyən edilməsinə mane olub.

01.01.2024-cü il tarixə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə 11724.9 ha sahədə fəaliyyət göstərən 604 balıq istehsalçısından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə yalnız 1569.6 ha sahədə (13.4%) fəaliyyət göstərən 76-sı (12.6%) ETSN tərəfindən uçota alınaraq sertifikatlaşdırılıb, balıqçılıq təsərrüfatlarının fəaliyyətinə lazımı nəzarət təmin edilməyib. Qeydiyyatsız fəaliyyət göstərən balıq gölləri üzrə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ətraf mühitə təsir qiymətləndirilməyib, bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə nəticələnib.

Kür-Araz ovalığında, digər təsirlərlə yanaşı, torpaqların şorlaşmasının da təsiri ilə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri əvvəlki illərlə müqayisədə azalıb, araşdırmalar 3 hektar və daha az əkin sahəsinə malik olan və subsidiya almaq üçün əkinlərini bəyan edən istehsalçıların sayının 2023-cü ildə 2021-ci illə müqayisədə 20.3%, ödənilmiş əkin subsidiyasının cəmi məbləğinin 2.9 milyon manat azaldığını göstərib.

Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qurumlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edib.


Telegram kanalımız
Seçilən
49
3
yenisabah.az

4Mənbələr