AFFA və ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC arasında sponsorluq müqaviləsi imzalanıb.
Futbolpress.az xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıblar. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxış edərək nüfuzlu şirkətlərin, bankların Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. O, ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Bank Respublika” rəhbərliyinə təşəkkür edib:
“Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir. Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik”.
Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov isə öz növbəsində Azərbaycan futbolunun gələcəyinə inandıqlarını və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən qürur duyduqlarını bildirib. T.İsmayılov milli komandanın gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsində baxımlı oyunlar sərgiləyərək azarkeşlərimizi sevindirəcəyinə inamını ifadə edib:
“AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim məqsədlərimizdir”.
Tədbirin sonunda milli komandamnın çərçivəyə salınmış xüsusi forması AFFA tərəfindən “Bank Respublika”ya hədiyyə olunub.
Müqaviləyə əsasən, “Bank Respublika” dörd il ərzində AFFA-nın rəsmi sponsoru olacaq.