Minlərlə qeyrətli oğul kimi Şamo Kərimovu da şəhidlik zirvəsinə Vətən sevgisi aparıb. O, 44 günlük haqq savaşımızda ölümün gözünə dik baxa-baxa, şüurlu surətdə yağı düşmənin üzərinə gedib və son damla qanına qədər qəhrəmancasına döyüşüb. Bununla da dünyadan 33 yaşında köçsə də, gələcək nəsillərimiz üçün bir tarix yazıb. Həm də qazanılan qələbəmizin mərdlik simvoluna çevrilərək milyonların ürəyində özünə əbədi yuva qurub. Həmçinin Şamo Kərimovun ölümündən sonra dövlət tərəfindən layiq olduğu “Cəsur döyüşçü”, “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə medalları onun müharibə meydanında göstərdiyi şücaətə bir nişanədir.
Cəlilabadın Maşlıq kəndində dünyaya göz açan Şamo Elman oğlu Kərimov Vətənin daşına, torpağına, eləcə xalqına sevdalı böyüyüb. Müqəddəs amallara tapınıb yaşaması, saf əxlaqı, dürüst vicdanı onu yalnız yaxşı əməllərə sövq edib. Şamo müstəqil həyatına başlayanda canına yağı dadanmış Qarabağımızın taleyi onu daha çox düşündürüb. Elə əsgərliyə də düşməndən qisas almaq məqsədilə yollanıb. Cəbhə bölgəsinə düşən Şamo Vətəninə vicdanla, qeyrətlə xidmət edib, məqamı gələndə murdar niyyətli erməni dığalarına qarşı amansız olacağına and içib. Xidmət zamanı bir qayda olaraq yüksək nizam-intizamla, hərbi anda sonsuz sədaqətlə, verilən tapşırıqları sözsüz yerinə yetirməklə əsgərlər arasında seçilib, fərqlənib.
Şamo Vətənə olan borcunu verib evə qayıdıb. Qaldı ki, düşməndən alacağı öcün vaxtını intizarla gözləyib, dostlarına da bildirib ki, dığaların qarşısında uduzmaq heç cür bizə yaraşmır. Müharibə başlansa, ön sırada Vətən uğrunda mən döyüşərəm...
Şamo bir müddət ailəsi ilə Rusiyada yaşamalı olub. Burada boksa uşaqlıqdan olan marağını davam edib. Qatıldığı yarışlarda həmişə qələbə qazanıb. Yaxşı idmançı kimi tanınıb, hörmət qazanıb.
Az sonra idman ustası kimi Şamo Kərimov Azərbaycana qayıdıb. Əzəl gündən həyatının mənasını xalqına, Vətəninə xidmətdə görən gənc doğma Maşlıq kəndində qurub-yaratmağa başlayıb. Gördüyü əməllərə görə hamı ona əsl övlad məhəbbəti bəsləyib. Vətəninə, millətinə ürəkdən bağlı olan Şamo düşmən təxribatından əziyyət çəkən insanları düşünməklə müddətdən artıq xidmətə yollanıb. Vətənpərvər olmaqla öz şəxsi nümunəsi ilə gənc əsgərlərin ürəyində Vətənə məhəbbət, cəsurluq, kişilik, yağıya nifrət hisslərini alovlandırıb. 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda köksündə qəhrəman ürəyi döyünən Şamo birincilər sırasında odlu-alovlu səngərdə yerini alıb. O, halal torpağı uğrunda silaha sarılaraq döyüş yoldaşları ilə birgə Füzuli və Cəbrayıl istiqamətində düşmənin istehkamlarını və canlı qüvvələrini məhv edib. Neçə-neçə ölüm-dirim savaşının qalibi olan igid Vətən oğlu 2020-ci il oktyabr ayının 6-da müharibə meydanında böyük şücaət göstərərək şəhadətə yetib.
Vətən, torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəfdir. Bu müqəddəs yolu seçənlər Günəş ömrü yaşamaqla heç zaman ölmürlər. İndi adı bütün Azərbaycanda fəxrlə, qürurla çəkilən Şamo da belə...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü