AZ

Bayden administrasiyası Azərbaycana qarşı bütün platformalarda hücuma keçib

Bayden administrasiyasının Azərbaycanla bağlı ədalətsiz, ermənipərəst addımları nəticəsində Bakı-Vaşinqton münasibətlərində əgər belə demək mümkünsə, bir qədər soyuqluq yaranıb. Onlardan bir neçəsini qeyd edək. ABŞ Konqresi tərəfindən 2024-cü ilin sentyabrında Azərbaycanı "təcavüz”də ittiham edən qətnamə qəbul olunub. 907-ci düzəliş yenidən aktivləşdirilərək ölkəmizə birbaşa yardımın qarşısı alınıb. Hətta ABŞ Dövlət Departamenti anti-Azərbaycan dairələrə qoşularaq Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi və tədbirin davam etdiyi günlərdə çirkin kampaniyalarını davam etdirib. Belə ki, 60-a yaxın ermənipərəst konqresmen ABŞ Dövlət katibinə müraciət edərək rəsmi Bakıya qarşı  sanksiyaların tətbiqi kimi məsələləri gündəmə gətirmələrini tövsiyə edib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il oktyabrın 4-də Cəbrayılda keçmiş məcburi köçkünlərlə görüşündə demişdi ki, müraciətin müəllifi ABŞ Dövlət Departamentidir: "Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün".

Digər tərəfdən, son iki ildə, daha doğrusu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində danışıqların getdiyi vaxtda Bayden administrasiyası  Makron Fransası ilə birgə "İrəvanın təhlükəsizliyini gücləndirmək" adı altında Ermənistana yalnız iqtisadi dəstək verməklə kifayətlənmir, onun  silahlanmasında fəal iştirak edir. Bununla da Cənubi Qafqazda gərginliyi artırmağa, revanşizmə yeni nəfəs verməyə çalışır. Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır: “Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir… Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”.

Son vaxtlar Bayden administrasiyasının nümayəndələri Ermənistana mütəmadi səfərlər edir, müəyyən görüşlər keçirirlər. Amma həmin görüşlərin heç birində sülh üçün önəmli olan məsələdən, daha doğrusu, Ermənistanın Azərbaycan torpaqlarını işğal və ilhaq etməsini nəzərdə tutan konstitusiyasına əl gəzdirməyin vacibliyindən söz açılmır.  Azərbaycan isə ötən 30 il ərzində olduğu kimi, bu gün də beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək Ermənistanı ədalətli sülhə dəvət etməkdədir. İnsafən, sülh sazişi üzrə böyük irəliləyiş də əldə olunub. Belə ki, sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. 

Yeri gəlmişkən, dekabrın 19-da ABŞ senatorları Qari Peters və Bill Kessidi Azərbaycanın Qarabağda erməni əsilli əhaliyə qarşı “etnik təmizləmə” aparmasını pisləyən, məqsədyönlü sanksiyaların tətbiqinə çağıran, Bakıda saxlanılan erməni hərbi cinayətkarlarının dərhal azad edilməsini tələb edən qətnamə təqdim ediblər. Qətnamə müəllifləri, həmçinin ABŞ-Ermənistan təhlükəsizlik tərəfdaşlığını gücləndirməyə çağırıblar.

Maliyyə yardımı ilə yanaşı, əl altından Ermənistana hərbi-texniki yardım göstərən, anti-Azərbaycan yönümlü bəyanat və qətnamələr qəbul edən Bayden administrasiyası ölkəmizin daxili işlərinə qarışmağa da cəhdlər göstərir. Daha doğrusu, Bayden administrasiyası sülh təşəbbüsləri adı altında Bakıya “insan haqları, siyasi məhbuslar” ritorikası ilə siyasi təzyiq göstərir. Elə bu günlərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin böhtan dolu bəyanatı bunu bir daha təsdiq edir. Azərbaycanda guya insan hüquqları, o cümlədən söz azadlığı sahəsində  problemlərin olmasını dilə gətirən ABŞ səfirliyinin sayıqlamasının əsl səbəbi  şübhəsiz, Ağ Ev ilə vidalaşmasına sayılı günlər qalan Bayden administrasiyasının hələ də  ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, bölgədə yeni reallıq yaratmasını  həzm edə bilməməsindən irəli gəlir. Halbuki, bu gün ABŞ-da vicdan azadlığının pozulması,  irqi, dini zəmində qarşıdurmaların meydana gəlməsi, məktəblərdə silahlardan atəş açılması adi haldır. Bayden administrasiyasının bu kimi addımları öz daxilindəki  hərc-mərcliyi ört-basdır etməkdən başqa bir şey deyil. Bu mənada demək olar ki, ABŞ-ın hazırkı administrasiyası azərbaycanlılara qarşı etnik və dini əsaslarla ayrı-seçkilik siyasəti aparmaqla, ölkələrin ərazi bütövlüyü və suverenliyinə selektiv yanaşmaqla, Ermənistanın deportasiya, etnik təmizləmə, təcavüz və işğal siyasətinə dəstək verməklə insan hüquqlarından danışmaq haqqını itirib. Bütün bunlar azmış kimi Bayden administrasiyası “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə xalqımıza, ölkəmizə qara yaxır, Ermənistan üzərində qələbəmizə kölgə salır. Hətta bu məqsədlə dünyanın bəzi media orqanlarına sponsorluq da edir. Yeri gəlmişkən, Bayden administrasiyasının Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (OCCRP) ABŞ tərəfindən “hücum silahı” olaraq istifadə edildiyi və Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının gizli qanadı olan USAİD-ın qeyri-rəsmi alt-qurumu kimi fəaliyyət göstərdiyi sirr deyil. OCCRP-nin davamlı şəkildə hədəf seçdiyi ölkələr siyahısında Azərbaycan da var.  Onlar öz məqsədlərinə çatmaq üçün yerli jurnalistlərdən də istifadə etməyə çalışıblar.

Göründüyü kimi, Bayden administrasiyası Azərbaycana qarşı bütün platformalarda hücuma keçib.  Bu da  Bayden administrasiyasının açıq şəkildə ölkəmizə qarşı düşmənçilik siyasəti həyata keçirməsini bir daha təsdiq edir.  Halbuki, Bayden administrasiyasına qədərki dövrdə ABŞ və Azərbaycan arasında siyasi, iqtisadi, enerji və təhlükəsizlik məsələlərini əhatə edən  nümunəvi əməkdaşlıq mərhələsi mövcud olub. Siyasətçilər ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının iki ölkə arasında münasibətlərin normallaşmasına müsbət səy göstərəcəyinə əmindirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
21
40
ikisahil.az

10Mənbələr