AZ

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır » AzadMedia.az


Milli Məclisin deputatı Ceyhun Məmmədov
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.
Bildiyimiz kimi Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır.
Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır.
Ölkəmizdə rus dilinə hər zaman tələbat olub və heç vaxt hər hansı məhdudiyyət olmayıb.
Dekabr ayının 17-də cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verərkən də Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdən danışdı. Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanması faktının həm Rusiya, həm də Azərbaycan üçün mühüm siyasi addım olduğunu söylədi. Müsahibəsində Azərbaycan Prezidenti həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli olan mesajlar verdi.
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya”ya müsahibəsində Fransa ilə münasibətlərə də fikir bildirdi. Azərbaycanın Fransa ilə heç vaxt probleminin olmadığını, hətta əvvəllər Fransa ilə bir çox Avropa ölkəsindən fərqli olaraq daha çox əməkdaşlıq etdiyini söylədi. Əlbətdə ki, bunun Fransada Makronun hakimiyyətə gəlişinə qədər olduğunu bildirdi. Hər kəsə çox yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, onu deməyə əsas verdi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil.
Hazırda da Makronun bəyanatları heç bir çərçivəyə sığmır. Təəssüf ki, hər zaman olduğu kimi Fransa proseslərə mane olmağa çalışır. Makron ermənidən daha çox erməni olmağa çalışır. Bir Fransız siyasətçinin dediyi kimi Makron fransızların deyil, Fransada yaşayan ermənilərin Prezidentidir. Davamlı olaraq ayrı-ayrı dövlətləri ittiham edir, öz maraqlarını təmin etməyə çalışır. Bu məsələyə kəskin münasibəti təkcə Azərbaycan yox, hətta fransalı politoloqlar da buna münasibət bildiriblər. Bu gün açıq şəkildə deyə bilərik ki, Makronun yanaşması Fransanın dövlət maraqlarına, Avropanın maraqlarına uyğun gəlmir. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir.
Cənab Prezident “Rossiya Seqodnya”ya müsahibəsində Gürcüstanda yaranan proseslərə də öz münasibətini bildirdi və Gürcüstanla çox mühüm tərəfdaş və yaxın dostluğumuzu qeyd etdi. Gürcüstanda vəziyyət sabitləşdiyinə sevindiyini söylədi.
Beynəlxalq qüvvələr tərəfindən dəstəklənən aksiyalar Gürcüstanın daxili siyasi və iqtisadi vəziyyətinə, eləcə də ölkənin xarici siyasətinə dair bir sıra məsələlərə təsir edir. Aksiyaların arxasında duran səbəblər və onların regionun ümumi təhlükəsizliyi üçün nə dərəcədə təhdid yarada biləcəyi böyük əhəmiyyət daşıyır.
Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışmalıyıq ki, Gürcüstanda yaranan bu gərginlik tez bir zamanda aradan qalxsın və hər şey öz axarında davam etsin.
Prezident İlham Əliyev müsahibəsində toxunduğu məsələlərdən biri də COP29-la bağlı açıqlama idi. O müsahibəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsinin olduqca önəmli bir məsələ olduğunu qeyd etdi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Azərbaycanda keçirilən COP29 tədbiri, qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir dönüş nöqtəsi olaraq tarixə keçdi.
Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsləri və ekoloji layihələri, beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Bu tədbir, Azərbaycanın həm ekoloji cəhətdən, həm də iqtisadi baxımdan dayanıqlı inkişafın təmin olunması istiqamətində atdığı addımların daha geniş müstəvidə qəbul edilməsinə imkan yaratdı.
Prezidentin müsahibəsində həmçinin media ilə bağlı münasibətini də bildirdi. Xarici medianın fəaliyyətilə bağlı bir sıra önəmli məsələlərə toxundu.
Bir sıra dövlətlərin media qurumlarının Azərbaycanın daxili işlərinə qarışmasının, yerli media qurumlarına xaricdən maliyyə verilişinin qəbuledilməz olduğunu vurğuladı. Müsahibədə Rusiya ilə münasibətlərə, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimi məsələlərə də toxundu.
Seçilən
7
50
azadmedia.az

10Mənbələr