AZ

Hərbi xidmətlə bağlı qanun layihəsi ikinci oxunuşda QƏBUL EDİLDİ

Dekabrın 20-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

 

Apress.az xəbər verir ki, Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin dekabrın 17-də və 18-də qardaş Türkiyəyə rəsmi səfəri barədə məlumat verib.

 

Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Parlamentin sədri gündəliyə 11 məsələnin daxil edildiyini və ilk məsələnin üçüncü oxunuşda təqdim olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu söyləyib.

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların bəzi məsələlərlə bağlı öz qeydlərini səsləndirdiyini bildirib.

 

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

 

Gündəlikdəki digər 8 məsələ ikinci oxunuşda qanun layihələri olub. Bildirilib ki, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” qanunun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi Azərbaycanın diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.

 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini və rəhbərlik etdiyi komitənin rəyini bildirib.

 

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

 

Sonra İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, komitə sədrləri Səməd Seyidov və Əli Hüseynli rəhbərlik etdikləri komitələrin bu sənəd barədə müsbət rəyini diqqətə çatdırıblar.

 

Məsələlərlə bağlı müzakirələrdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

 

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat veriblər.

 

Komitə sədri Azər Əmiraslanov “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihələri ikinci oxunuşda qəbul olunub.

 

Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

 

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsindən bəhs edib.

 

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti məsələ – Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

 

Sonra gündəliyin səkkizinci məsələsi – Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən komitə sədri Əli Hüseynli qeyd edib ki, sənəd bir sıra qanunların qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb. Layihədə həmin qanunların pozulması ilə bağlı məsuliyyətlər və sanksiyalar nəzərdə tutulub.

 

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

 

Sənədin müzakirəsində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun qeydi dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Gündəliyin son iki məsələsi birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olub.

 

Azər Əmiraslanov bildirib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq dövlət orqanları tərəfindən verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilmişdir. Təklif olunan qanun layihəsində bu təsdiqedici sənədi verən orqanlar sırasına Baş Prokurorluq da əlavə olunur.

 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

 

Gündəliyin sonuncu məsələsi olan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

 

Komitə sədri Polad Bülbüloğlu diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır. Təklif olunan dəyişikliklərə əsasən, bu fəaliyyətdən əldə edilən vəsaitdən müvafiq orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun istifadə ediləcək.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

phrase_var_article.chosen
9
3
apress.az

4phrase_var_article.sources