AZ

Gərək dördünə də eyni gözlə baxasan

 

Dörd qitədə yerləşən müsəlman ölkələrindən gələn xəbərlərə baxanda görürsən ki, bu insanların başqa dərdi yoxdur, əsas məsələ daha çox arvad almaq və bacardıqca daha azyaşlı (yəni sütül) zövcə əldə etməkdir.

O biri məsələlər (diktatura, işsizlik, kasıblıq, haqsızlıq, terror və s.) ikinci, üçüncü, dördüncü dərəcəlidir, əsas məsələ ikinci, üçüncü, dördüncü arvadı almaq üçün hüquqi bazaya, qanuni əsasa malik olmaqdır.

Budur, İraqda neçə illik mübarizədən sonra axır ki, qızların nikaha daxil olmaq yaşını ibtidai sinif şagirdinin yaşına (9) qədər endiriblər. Bir az artıq olsa olmazdı. 14 yaşlı qarımış qız kimə lazımdır?

Pakistan və Əfqanıstan, eləcə də Hindistanın müsəlmanlar yaşayan ştatları onsuz da qanuna-manuna baxmırlar, “papaqla vur, yıxılmadısa, ərə vermək olar” üsulu ilə məsələni həll edirlər.

İndoneziyada necədir, tam bəlli deyil, amma o gün bu ölkənin qadın-uşaq məsələlərinə baxan naziri Arifə Fauzi həyəcan və savaş şeypuru çalırdı ki, qadınlara və uşaqlara qarşı kütləvi təcavüz halları var, ölkədə fövqəladə vəziyyət elan edilməlidir.

Orta Asiyada qırğız və özbək qardaşlarımız da hey çəkinib-dartınırlar ki, çoxarvadlılığa icazə verilsin və qadınların nikaha daxil olmaq yaşı bir az azaldılsın. Hələlik yerli hökumətlər cinsi həvəsi aşıb-daşan əkələrə “qələtinizi eləyin, əə” kimi konkret cavablar verir.

Çoxarvadlılığın legitimləşdirildiyi digər ölkələrin halını da bilirsiniz. Hərdən yığışıb ölkəmizə də gəlirlər. Bir də görürsən, bir ağ libaslı tösmərək kişidir, böyründə dörd qara libaslı (başdan ayağa) qadınla gəzir. Yalnız fizionomiyalarından bilirsən ki, nisbətən kök olan qadın baş hərəmdir, qədd-qamətli, incə-mincə olan isə yeni tədarük edilib.

Bu yerdə ağ libaslı kişinin ədalətinə də gərək şəkk etməyəsən. Dərhal aydın olur ki, o, arvadlarının hamısına eyni gözlə baxır, ayrı-seçkilik etmir. Məsələn, o, üşüncünü və təzə gəlini evdə qoyub gələ bilərdi, “hələlik bu ikisini aparım, sizinlə də yayda gedərik” deyə bilərdi, amma deməyib, dördünü də götürüb gəlib. Çünki şəriət qaydaları belə tələb edir – kişinin diqqəti, qayğısı, şəfqəti, maddiyyatı arvadlar arasında bərabər bölünməlidir. Yoxsa haramçılıq olar.

İndi Rusiya müsəlmanlarının da ruhani idarəsi dilə gəlib, yerli müsəlmanlara ikinci, üçüncü, dördüncü dəfə dini nikaha girmək icazəsi verib.

Bəs Rusiya konstitusiyası necə olacaq? Axı RF şəriət ölkəsi deyil, dünyəvi ölkədir. Amma deyəsən, bu, müsəlman liderlərin vecinə deyil. Moskva müftisi İldar Alyautdinov deyib ki, olar, bir şərtlə ki, çoxarvadı cənablar arvadlarının hamısına eyni gözlə baxsınlar və əvvəlki arvadlardan yenidən ailə qurmalarına icazə alsınlar.

İldar hoca deyib ki, onsuz da lap köhnə vaxtlardan çoxarvadlılıq ənənəsi var, sadəcə, bunu qanuniləşdirmək lazımdır və müsəlmanlara belə bir icazənin verilməsi RF-nin ailə qanunvericiliyinin normalarını pozmur.

Müfti düz deyir, hələ Stalinin vaxtından vəzifəli (nazir, marşal, komitə sədri və s.) kişilərin hamısının iki-üç arvadı olub. Elə Stalinin özü də farağat adam olmayıb. Sadəcə, o vaxt qayda beləymiş ki, bunu açıb-ağartmırmışlar. Hətta bir dəfə əshabələri gəlib ona deyiblər ki, İosif Vissarionoviç, marşal Rokossovski aktrisa Valentina Serova ilə gəzir, nə edəcəyik. Stalin də cavab verib ki, nə edəcəyik, eləcə həsəd aparacağıq.

Bizdə bu məsələni qaldıran, müvafiq qanun qəbul edilməsi üçün özünü lezvalayan yoxdur, hamı başını aşağı salıb işini görür. “Həcilik” və ya “saxlama” institutuna görə heç kimə güldən ağır söz deyən də yoxdur. Əsas məsələ odur ki, qalmaqal olmasın, qanuni arvadla məşuqə rəsmi dövlət binasında saçyolduya çıxmasınlar. Elə olmadığı surətdə dinc, yanaşı yaşamaq mümkündür.

Bu işlər belədir. Hər millətin zəif damarı var: Bəziləri alkoqola meyllidir, bəziləri ot tüstüsünə könül verirlər, bir çoxları kütləvi şəkildə futbol və ya öküz döyüşündən ləzzət alırlar, belə işlərə baş qoşmayan, gecə-gündüz pul qazanmağı fikirləşənlər də az deyil. Müsəlmanlarınkı da budur. İçki yox, ot-ələf tüstüsü yox, qumar da olmaz. Əlac qalır bu işə. Pul var, həvəs var. Ona görə də pullu ağalar bu sahədə hər şeyin qanuni olmasını istəyirlər, deyirlər, icazəli olsun, yoxsa zina sayılar, o biri dünyadakı 72 huri əldən çıxar.

Əsas dərd budur, demokratiya, insan haqları, hüquqi dövlət-filan boş şeydir.

Seçilən
10
musavat.com

1Mənbələr