AZ

“İrandakı hazırkı acınacaqlı sosial-iqtisadi durum onun rəhbərliyinin Qərbə qarşı yanlış siyasətinin nəticəsidir...”

“Suriyada baş verən son olaylar birbaşa İranın daxilindəki həm iqtisadi-sosial, həm də ictimai-siyasi proseslərə təsir göstərir...”
 
“Suriyada baş verən son olaylar birbaşa İranın daxilindəki həm iqtisadi-sosial, həm də ictimai-siyasi proseslərə təsir göstərir. Bir tərəfdən Əsəd rejiminin belə sürətlə devrilməsi Rusiya kimi İranın da regiondakı mövqeyini açıq-aşkar zəiflətdi. Və bundan öncə “HƏMAS”-ın, “Hizbullah”ın İsrail tərəfindən, demək olar ki, darmadağın edilməsi rəsmi Tehranın Yaxın Şərqdəki nüfuzunu heç elədi. Artıq İsrail Yəməndəki husilərə qarşı əməliyyatlara başlayıb. Əgər husilər də sıradan çıxarılsa, İranın o “müqavimət çənbəri” deyilən şəbəkəsi tamamilə məhv olacaq”. 
 
Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında  Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin İranın beynəlxalq durumuna və daxili vəziyyətinə necə təsir etməsindən danışarkən ifadə edib.
 
“Ölkədə interneti, onun resurslarını nə qədər məhdudlaşdırsalar da, İran vətəndaşları Suriyada illər boyu əslində hansı proseslərin getməsindən və rəsmi Tehranın baş verənlərdəki rolundan agah oldu. İran dövlətinin Əsəd hakimiyyətinin ayaqda qalması üçün oraya nə qədər yatırımlar etməsi, orada hərbi qüvvələrini saxlamaq üçün qoyduğu xərclər haqda məlumatlar əldə etdikcə əhalinin narazılığı artdı. Çünki xalq onu da gözəl anladı ki və anlayır ki, məhz Suriya rejiminə, eləcə də “Hizbullah”, “HƏMAS”, husilər və s. kimi proksilərinə çəkilən xərclər də İranın hazırkı ağır sosial-iqtisadi duruma düşməsinə gətirib çıxaran amillərdən biri olub. Hazırda İranın nə ciddi xarici dəstəyi, nə də daxili maddi imkanları var”, - deyə davamında diplomat nəzərə çatdırıb.
 
Sabiq səfir hər hansı ölkənin yanlış xarici siyasətinin gec-tez onun daxili siyasətində də çatışmazlıqlara səbəb olacağını və onun sosial-iqtisadi durumunun da ağırlaşmasında özünü göstərəcəyinə diqqət çəkib. 
 
“Təsəvvür edirsiz, bu gün İranda artıq bir dollar 78 min tümənə bərabər olub. Halbuki yadımdadır ki, 1998-ci ildə İranda 1 dollarla minik avtomobilinin yanacaq çəninin doldurulmasının şahidi olmuşam.  O zaman ərzaq çatışmazlığı, yaxud işığın, qazın, suyun kəsilməsi heş ağıla sığışmazdı... Bu fakt bir daha onu sübut edir ki, xarici siyasətlə daxili siyasət bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir. İran rəhbərliyinin də son 45 ildə, yəni İslam inqilabından üzü bəri apardığı çox yanlış xarici siyasət Qərbin ona qarşı sanksiyalarını get-gedə ağırlaşdırdı və nəticədə ölkənin iqtisadiyyatı bugünkü acınacaqlı duruma düşdü”- deyə sabiq səfir vurğulayıb.
 
Sultan Laçın   
 
phrase_var_article.chosen
22
moderator.az

1phrase_var_article.sources