Bakı, 21 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə ilə bir çox mühüm məsələlərə, həmçinin 2022-ci il fevralın 22-də Rusiya ilə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətinə toxunub. Bu Bəyannamə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məqsədi daşıyır. Bu sənəd hər iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasını təmin etmək üçün hüquqi baza yaradıb. Bəyannamə çərçivəsində tərəflər, eyni zamanda, iqtisadi-ticari və enerji sahələrində əlaqələrin daha da dərinləşdirilməsini hədəfləyiblər. Azərbaycan Rusiya ilə həm Qafqazda, həm də Xəzər regionunda qonşudur və bir çox cəhətdən bu ölkələrin xarici siyasət prioritetləri üst-üstə düşür. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Rusiya daxilindəki Türk muxtar qurumlarının Azərbaycanla əməkdaşlığı da əhəmiyyətlidir. Bu, özünü Rusiya ilə iqtisadi əməkdaşlığımızda da göstərir. Azərbaycan məhsulları üçün etibarlı və ən uyğun bazar Rusiya bazarıdır və tələbat da kifayət qədərdir. Eləcə də, Rusiya üçün bu iqtisadi əməkdaşlığın bir çox perspektivləri var. Rusiya daxilindəki Türk muxtar qurumlarının Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan digər türk dövlətləri ilə əməkdaşlığı mühüm geosiyasi, iqtisadi və mədəni müsbət nəticələri ola bilər. Ötən aylarda Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutub. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin təkcə ikitərəfli səviyyədə deyil, həm də regionda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətini bir daha nümayiş etdirib. Prezident Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsinə və gələcəkdə bunun daha məhsuldar olması üçün möhkəm təməl yaradılmasına xidmət edib. Xüsusilə, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra regionda dayanıqlı sülhün bərqərar olunması və əməkdaşlığın inkişafı məsələləri daim diqqət mərkəzində olub.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev müsahibə zamanı, həmçinin ölkəmizin beynəlxalq münasibətlərinə də toxunub. Həqiqətən, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirib. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən Azərbaycan Prezidenti təşkilatın beynəlxalq nüfuzunu artırıb və inkişafına böyük töhfə verib. Prezident İlham Əliyevin növbəti uğuru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması idi. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti nailiyyətdir. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz Prezident İlham Əliyevin böyük dəstəyi olub, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirib.
“Prezident qeyd edib ki, İkinci Dünya müharibəsinin nəticəsində formalaşan reallıqlar və müəyyən edilmiş oyun qaydaları bu gün artıq keçərli deyil. Bəli, beynəlxalq hüquq anlayışı ciddi şəkildə sarsılıb. Müharibədən sonra yaranmış təhlükəsizlik sistemi artıq mövcud deyil və “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bu şəraitdə ən vacib vəzifə hərbi gücümüzü daha da artırmaqdır. Minsk qrupu Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılıb. Lakin bu məsələ artıq həll olunub. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edərək 30 il ərzində aparılan danışıqların nəticə verməməsi səbəbindən torpaqlarını özü azad edib. Azərbaycan 3 onillik ərzində müharibə cinayətləri ilə üzləşib. Bununla yanaşı, bütün təkidlərə baxmayaraq, Minsk qrupunun formal şəkildə saxlanılması absurddur. Ölkəmizin hərbi sahədə Rusiya və Türkiyə ilə əməkdaşlığı, müttəfiqliyi dostluq münasibətlərindən irəli gəlir. Rusiyanın müdafiə sənayesinin yeniliklərindən yararlanmaq üçün ölkəmiz tərəfindən təşəbbüslər irəli sürülüb və yeni müqavilənin imzalanması nəzərdə tutulur”, - deyə P.Vəliyeva vurğulayıb.
O, Azərbaycanın 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,4 milyard manat ayrılmasının nəzərdə tutulduğunu qeyd edərək deyib: “Bu, 2024-cü illə müqayisədə 17,8 faiz artım deməkdir. Bu vəsait ölkənin hərbi potensialının gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunacaq. Prezident vurğulayıb ki, biz bunu etməyə məcburuq və edəcəyik. Birincisi, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bunu Ermənistanın havadarları, bir sıra Qərb dövlətləri edir. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələri ilə barışmaq istəmirlər. Ermənistana dəstəyini ifadə edən dövlət Azərbaycana dost ola bilməz. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini etirafdan çəkinmirlər. Təbii ki, bu da Azərbaycana qarşı Ermənistanın silahlandırılması deməkdir. Prezident, həmçinin Qarabağ və Şərqi Zəngəzura dəymiş zərərin 150 milyard dollardan çox olmasını da qeyd edib. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb. Bu günədək 160 min hektardan çox ərazi təmizlənsə də, 250 min hektardan çox ərazi hələ də mina və partlayıcı sursatlarla çirklənmiş təhlükəli zona hesab olunur. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını çətinləşdirir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri isə qeyri-dəqiqdir. Həmçinin mina partlamadıqda da zərər verir. Belə ki, insanlar onun olduğu ərazidən istifadə edə bilməməklə zərərçəkmiş olur. Məsələn, əkin yerləri, evlərin yaxınlığı minalı vəziyyətdə olarsa, belə ərazilərdən istifadə edə bilməmək də onların sahiblərinin zərər çəkməsi deməkdir. Biz mina məsələsində zərərçəkmişləri tanıda və onların çevrəsini, sayını müəyyənləşdirə bilsək, Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı kompensasiya tələbi irəli sürülərkən tam yerinə düşər və qanuni əsası olar. İddia qaldıranda bunlar hamısı onun predmeti olacaq. Çünki bu zərərçəkmə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalı nəticəsində baş verib”.