AZ

Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Bakı, 21 dekabr, AZƏRTAC

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Azekol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin, “Azersun” Holdinqin dəstəyi ilə Xətai rayonu Gənclik parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib. O bildirib ki, aparılan mütəmadi təbliğat və təşviqat işləri nəticəsində artıq ənənə halını almış bu aksiya zamanı da vətəndaşlardan 770 litr şüşə, 2500 litr plastik, 1119 ədəd işlənmiş batareya təhvil alınıb, əvəzində onlara müxtəlif hədiyyələr verilib: “Kiçikdən-böyüyə, hər kəsin marağına səbəb olan festival çərçivəsində iştirakçılara musiqili proqram, tullantıların çeşidlənməsinə dair uşaqlar üçün maarifləndirici oyunlar, ekoçantalar üzərində rəsmlərin çəkilməsi və müxtəlif master-klaslar təqdim olunub”.

Nazirlik rəsmisi qeyd edib ki, bu tədbiri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən yekun aksiya kimi də dəyərləndirmək olar: “İl ərzində dəfələrlə təşkil olunan

tullantıları təhvil verib əvəzində hədiyyələr almaq kimi təsirli təşviqat formatı həm ictimaiyyətdə tullantıların təkrar emala yönəldilməsinə böyük maraq yaradır, cəmiyyət üzvlərinin bu sahədə daha da maarifləndirilməsinə şərait formalaşdırır, həm də insanlara tullantıların dəyərli resurs olduğunu, yenidən istifadənin və təkrar emalın vacibliyini aşılayır”.

phrase_var_article.chosen
32
azertag.az

1phrase_var_article.sources