AZ

"Şimal-Cənub"un qərb marşrutu üzrə daşımalar 31 % artıb" - Səfir

 "Azərbaycandan keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük daşımaları bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 31 % artıb".

News365.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib. O, bunun son hədd olmadığını əlavə edib.

Yük daşımalarının həcmi dəqiqləşdirilməyib.

Diplomat xatırladıb ki, Azərbaycanda "Şimal-Cənub" nəqliyyat dəhlizinin dəmir yolu və avtomobil seqmentləri tam reallaşdırılıb və uğurla fəaliyyət göstərir.

"Azərbaycan öz tərəfindən infrastrukturunun daha da təkmilləşdirilməsi üçün bütün zəruri tədbirləri görür", - deyə R. Mustafayev qeyd edib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ildə təsdiqlənmiş 2024-2026-cı illər üçün tranzit yükdaşımalar üzrə fəaliyyət planı çərçivəsində fiziki infrastrukturun gücləndirilməsi, əməliyyat səmərəliliyinin və koordinasiyanın artırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində innovativ həllər və rəqəmsallaşdırmanın tətbiqi üzrə tədbirlər görülür.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır. Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır. “Şimal-Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.


Seçilən
1
3
news365.az

4Mənbələr