AZ

Naxçıvanda lentə aldığı “Nuhun izi ilə” sənədli filminin təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş, məşhur isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Naxçıvanda lentə aldığı “Nuhun izi ilə” sənədli filminin təqdimatı keçirilib.

Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Xalq artisti Gülyanaq Məmmədovanın ifasında 'Naxçıvan şikəstəsi' səslənib. 
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsini böyük mədəni hadisə, “Nuhun izi ilə” sənədli filmini isə Naxçıvan tarixinin zənginliyini və qədimliyini əks etdirən dəyərli sənət nümunəsi adlandırıb, Azərbaycanda mədəni irsin qorunmasının hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. 

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və tarixlə bağlı fikirləri hər zaman bizə yol göstərib. Məhz bu dəyərlər sayəsində mədəniyyətimiz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olub, inkişaf etdirilib. Prezident İlham Əliyevin “Mədəni irsimizin qorunması bizim milli varlığımızın və dövlət müstəqilliyimizin mühüm tərkib hissəsidir” sözləri də bu gün tarix və mədəniyyət sahəsində gördüyümüz bu işin əhəmiyyətini bir daha vurğulayır. Biz bu cür şəraitə, diqqət və qayğıya görə dövlət başçısına və birinci xanıma dərin təşəkkürümüzü bildiririk.

Bəxtiyar Əsgərov sənədli filmin müəllifinin torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşa şəhəri haqqında film çəkən ilk əcnəbi rejissor olduğunu və təqdim olunan filmin UNESCO-nun layihəsi əsasında, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirildiyini diqqətə çatdırıb.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov və filmin rejissoru Mikael Silkeberq çıxış edərək filmin necə ərsəyə gəlməsindən danışıb və dəstək olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
 Daha sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Nuhun izi ilə" sənədli filmi nümayiş olunub. Sənədli film əfsanəyə görə, gəmisi Gəmiqaya dağına gəlmiş Nuh Peyğəmbərə gedib çıxan Naxçıvanın qədim tarixindən bəhs edir. Filmdə, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim memarlıq abidələri və milli rəqslərdən, Naxçıvanın musiqi alətlərindən və görkəmli şəxsiyyətlərindən söz açılır.

Səbuhi HƏSƏNOV

XQ-nin bölgə müxbiri

Seçilən
1
2
xalqqazeti.az

3Mənbələr