AZ

Deputat: COP29-la əlaqədar anti-Azərbaycan kampaniyasının arxasında erməni lobbisinə bağlı adamlar və təşkilatlar dayandığını görürük

2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı antitəbliğat kəskin hal aldı.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, Azərbaycanın əleyhinə hibrid təhdidlərdən istifadə edilməyə başladı: “Ölkəmizə qarşı istifadə edilən əsas hibrid təhdid növü dezinformasiya və onunla əlaqədar aparılan qarayaxma kampaniyalarıdır. COP tədbiri günlərində saxta profillər #COP29 həştəqi altında eyni anda eyni məzmunlu avtomatlaşdırılmış məlumatlar yerləşdirərək manipulyasiya həyata keçirilirdi. Təbii ki, onların bu fəaliyyətinin qarşısı qətiyyətlə alınırdı. Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmaları zamanı COP29 ərəfəsində bir sıra QHT-lərin koalisiyalar və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdiyini və təşəbbüslər irəli sürdüyünü, qərəzli və birtərəfli hesabatlar hazırladığını müəyyən edib. Belə təşkilatlardan biri və ən məşhuru olan “Human Rights Watch”dur. Bu təşkilat hər zaman maliyyə mənbələrini gizli saxlayır. Onun saytında 2023-cü ilin oktyabr ayından bu günədək Azərbaycan əleyhinə 65 yazı dərc edildiyi məlum olub. Təşkilatın erməni əsilli Ruben Vardanyanın Avroradakı şirkəti ilə əlaqəsi də müəyyənləşdirilib. "Rasmussen Global" və "Ermənistanın dostları şəbəkəsi" təşkilatları COP29-la bağlı Azərbaycana qarşı kampaniyada aktiv iştirak edənlərdəndir. 2023-cü ilin martından “Rasmussen Global” Avropa İttifaqından bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir”.

Deputat qeyd edib ki, araşdırma nəticəsində bəlli olub ki, David Vardanyan Ruben Vardanyanın oğlu və Nubar Afeyan kimi iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil ediblər: “Vardanyan və Afeyan cütlüyünün antiAzərbaycan kampaniyasındakı taktikasını tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurduğu da məlum oldu. Araşdırmalardan və əldə edilən materiallardan bir daha anti-Azərbaycan kampaniyasının arxasında erməni lobbisinə bağlı adamlar və təşkilatlar dayandığını görürük”.

Seçilən
25
apa.az

1Mənbələr