"Balıq mövsümü başlayanda bazarlarda və mağazalarda təzə balıq bolluğu müşahidə edilir. Bu yaxşı xəbər olsa da düzgün olmayan seçimlər zəhərlənmə riskini artırır. Balıq alarkən və istehlak edərkən diqqət yetirməli olduğumuz bəzi məqamlar var. Balıq alarkən mağazalardan, marketlərdən almaq daha məqsədəuyğundur. Bu yerlərdə məhsullar nisbətən daha ciddi yoxlamalardan keçir".
Day.Az xəbər verir ki, bu sözləri qida mütəxəssisi Asim Vəliyev deyib:
"Satış yerinin təmizliyinə, temperatur nəzarətinə və gigiyenik qaydalara əməl edilməsinə diqqət yetirmək lazımdır. Balıqçılardan və ya bazardan alırıqsa, məhsulun təzəliyindən əmin olmalıyıq. Təzə balığın gözləri tündləşmiş və ya batıq olmamalıdır. Əgər balıq xoşagəlməz qoxu verirsə, alınmamalıdır. Barmağımızla basdıqda iz qalmırsa, balıq təzədir. Qəlsəmələri qırmızı və nəm olmalıdır. Solğun və qurumuş qəlsəmələr balığın köhnə olmasının əlamətidir".
O qeyd edib ki, balıq yüksək risk qrupuna aid məhsul olduğu üçün tez xarab olur:
"Ona görə də soyudulmuş və ya dondurulmuş şəraitdə satılmalıdır. Məhsulun saxlanma temperaturunu yoxlamaq üçün satıcıdan məlumat ala bilərik. Alınan balığı uzun müddət saxlamayın. Ən yaxşısı, həmin gün istifadə edin. Balığı hazırlamazdan əvvəl yaxşıca yumalı və daxili orqanlarını çıxarmalıyıq. Balıq tam bişirilməlidir, çünki yarımçıq bişirilmiş məhsullarda mikroorqanizmlər tam məhv olmur.
Mövsümün ən yaxşı balıq növləri barədə məlumatlı olmalı və yerli məhsulları seçmək daha yaxşı olar". /Demokrat.Az