AZ

Ermənistan rəhbəri soydaşlarımızın qayıdış hüququnu tanımalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına bu günlərdə verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Qərbi Azərbaycan İcmasının bununla bağlı bəyanatında deyilir ki, Ermənistan baş nazirinin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır: “Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir. Qərbi Azərbaycan İcması qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışır. Bu baxımdan, icmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir”.

Bəyanatın davamında qeyd edilir ki, Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistan hökumətinin icmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur.

Açıqlamanın sonunda apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışan N.Paşinyana xatırladılır ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır: “Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz. N.Paşinyanın Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi, guya, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edir”.

XQ

phrase_var_article.chosen
4
20
xalqqazeti.az

10phrase_var_article.sources