Həkim İnes Lipperhayde PSJ-nin italyan əsas qapıçısı Canluici Donnarummanın zədəsinin mümkün nəticələrindən danışıb.
Arena.az xatırladır ki, italyan qapıçı Fransa Liqa 1-in “Monako” ilə 16-cı tur səfər oyunu (4:2) zamanı sifətindən zədə alıb və qapıçının üzünə 10 tikiş qoyulub.
“Onun kəllədaxili zədəsi ola bilərdi, amma hər şey ötüb keçdi. Bununla belə, vurğulamaq gərəkdir ki, müvafiq xəsarətlər zamanla qançırlar kimi inkişaf edə bilərlər. İstənilən halda, xəstənin vəziyyətini izləmək gərəkdir”, – “Marca” nəşri müalicə həkimindən sitat gətirir.
Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 16 oyuna çıxıb, 15 qol buraxıb, 5 oyundan “quru” qurtulub.
Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 130 oyun, 128 buraxılmış qol və 44 “quru” oyundan ibarətdir.
Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.
Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığmasının heyətində 70 oyun keçirib, 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.