“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Önəmli qələbə idi. Çoxdandır bunu istəyirdik. Son 4 matçda komandadan oyun baxımından çox razı qalmışdım. Bu gün də qələbəyə layiq idik. Çoxlu qol epizodumuz oldu. İkinci hissədə daha diqqətli olduq. Çox sevinirəm ki, gənc futbolçular inkişaf edir. Onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Qışdan sonra çox çətin olacaq. Hər kəs güclənir. Biz də fasilədə güclənməyə çalışacağıq. Yaxşı təlim-məşq toplanışı keçib qışdan sonrakı oyunlara hazırlaşacağıq”.
Ayxan Abbasov qış fasiləsi ilə bağlı planlarından da söz açıb: “Bakıda olacağıq. “Zirə” və “Sabah”la yoxlama oyunu keçirəcəyik. Vaxt azdır. Futbolçular yorğunluğu atmalıdırlar. İki həftəlik hazırlığı yaxşı keçəcəyik”.
Azərbaycana gələndən sonra ilk məğlubiyyətinə üzülən “Sabah”ın baş məşqçisi Vasili Berezutski isə bunları vurğulayıb:
“Bu oyunu qəti şəkildə aktivimizə yaza bilmərik. Yaxşı ki, qarşıda fasilə var. Mövsümün ikinci yarısına daha da yaxşı hazırlaşmalıyıq. Bizi çətin oyunlar gözləyir. Oyunçuları tanımaq üçün vaxtımız az idi. Amma artıq müəyyən şeyləri bilirik. Aqressiyanı daha da artırmaq istəyirik. Bu gün “Şamaxı”nın əks-hücumları uğurlu alındı. Boşluqları bağlaya bilmədik. Bunun nəticəsində məğlub olduq. Sadə səhvlərimizi də qeyd etmək istəyərdim. Beş əvəzetmə etdik. İkinci hissəyə yaxşı başlamışdıq. Amma standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra vəziyyət bir qədər mürəkkəbləşdi. Amma nə edə bilərik, futbol belədir. Mən statistikaya baxmamışam. Amma Şamaxıda oynamaq çox çətindir. Bu çətinlik “Qarabağ”ın burada keçirdiyi oyunda da görünürdü”.