AZ

Xankəndidə görüşmək istəyilə...

Hikmət Cəmilzadə (Xudiyev) ilə tanışlığım 1980-ci illərdə Xankəndi şəhərində olub. Xankəndinin "Qarabağ” mehmanxanasında qalır, Pedaqoji İnstituta qəbul imtahanlarına hazırlaşırdım. Mehmanxananın gecə mənzərələri çox qəribə olurdu. Erməni əyyaşları sabaha kimi çalıb-oynayırdılar...

Bir gün küçədə Hikmətlə tanış oldum, mehmanxanaya gəldik. Səhəri gün o məni yaxınlıqdakı evlərinə apardı. O zamandan bizim əbədi və saf dostluğumuz başladı. Hər ikimiz Xankəndi Pedaqoji İnstitutunda təhsil aldıq. Hikmət əslən Xankəndidəndir. Beynəlmiləl bir şəhərdə, bir institutda hələ o vaxtlar - 80-ci illərdə biz millətçilik oyunlarını sezirdik...

Hikmətlə mənim müəyyən qədər oxşar əlamətlərimiz də var idi. Ermənilər məni Hikmət bilib sorğu-suala da tuturdular. Maraqlı tələbəlik macəraları və Hikmətin qeyri-adi dost cəfakeşliyi heç yadımdan çıxmır. O illər, gözəl günlər arxada qaldı, xatirələrdə...

Biz isə yaşa dolub, ömrün müəyyən bir zirvəsinə yetişdik! Çox şükürlər, Şuşa- Xankəndi və umumən Qarabağ xatirələrimizi yeni yaş dövrümüzdə yenidən o gözəl diyarlarımızda yaşamaq imkanımız yarandı.

...Təəssüflər olsun ki, dost ailəsinin qəlbi-ruhu Qarabağ həsrətli ailə üzvləri- tələbəlik illərindən tanıdığım, Qarabağın xanım-xatın ziyalısı, Hikmət müəllimin anası Şura müəllimə, qardaşları tanınan, sevilən, nüfuzlu təhsil işçisi Hazim Xudiyev və Qarabağ olaylarını mətbuata gətirən, istedadlı jurnalist İlham Cəmiloğlu haqq dünyasına Vətən, yurd- Şuşa, Xankəndi həsrəti ilə qovuşdular. Allah onlara rəhmət eləsin!

Əziz dostum, Hikmət müəllim! Bu həyat qəribəliklərlə doludur, nə edək?! Kim bu dünyanı tutub qalacaq?! Üzüntülərinizə baxmayaraq həyat davam edir. Siz mükəmməl bir şəxsiyyət, həyat yaşamış bir insan kimi bütün Xudiyevlər ailəsinə təsəlli verib, yol göstənsiniz. Allah Sizi qorusun! Yubiley yaşınız çox mübarək! Sizin həyat, yaşam və fəaliyyətiniz özü bir nümunədir. DİN və FHN sistemində uğurlu fəaliyyətiniz, Vətənə, xalqa, dövlətə sədaqətli xidmətiniz gözlərimiz önündə olub. DİN-in Polis Akademiyasında təhsil illərindən tutmuş FHN-də daxili xidmət polkovniki rütbəsinə kimi həyatınız, elmi araşdırmalarınız, fəxri adınız dost sevinci olub. Hər dəfə Əməkdar jurnalist, tarix elmləri üzrə fəlsəfə doktoru imzası ilə yazı və çıxışlarınız maraq doğurub.

Yeri gəlmişkən deyim ki, qəhrəman övladlarımızın həyat yoluna işıq saçan "Azərbaycanın Milli Qəhrəmanları” kitabınızdan Azərbaycan tarixi fənninin tədrisi zamanı və eyni zamanda, gənclərə cəsurluğu öyrədərkən bir ədəbiyyat nümunəsi kimi istifadə edirik. İyirmidən çox elmi-ədəbi və publisistik kitabın müəllifisiniz. Hər yazı və əsərinizdə bir şirinlik, bir gözəllik təlqin olunur, Sizə sevgi və istəyimiz artır.

Hikmət müəllim, 65 illik yubiley yaşınızı-ad gününüzü, şad gününüzü böyük hörmət və ehtiramla təbrik edirik! İnşallah, gənclik illərimizin, tələbəlik günlərimizin məkanı Xankəndi şəhərində, öz evinizdə yenidən görüşüb, xatirələrimizi bölüşmək istəyilə...

Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident təqaüdçüsü

Seçilən
14
modern.az

1Mənbələr