İsrailin baş naziri Benyamin Netanyahu gələn ay nasistlərin Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlər üçün Polşaya getməyəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Times of Israel qəzeti məlumat yayıb. Həmin tədbir yanvarın 27-də, Beynəlxalq Holokostu Anma Gününə planlaşdırılıb və Böyük Britaniya kralı III Çarlz da daxil olmaqla onlarla lider və dövlət başçılarının iştirakı gözlənilir.
Polşanın “Rzeczpospolita” nəşri İsrail hakimiyyətinin tədbirdə iştirak etmək üçün polşalı həmkarları ilə əlaqə saxlamadığını bildirirlər. Gələn xəbərlərə əsasən Netanyahunun əsas qorxusu Qəzzadakı törədilən qırğına görə Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə dair verdiyi orderə rəsmi Varşavanın əməl edəcəyi ilə bağlıdır.
Netanyahudan başqa İsrail prezidenti İsaak Hersoq da yanvarın sonlarında keçiriləcək tədbirdə iştirak etməyi planlaşdırmır. Halbuki onun sələfi Reuven Rivlin 75 illik tədbirdə iştirak etmişdi.
Musavat.com