AZ

Siyasi partiyalar Bələdiyyı seçkilərinə necə hazırlaşır – MÜHÜM AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi yanvar 29-da Azərbaycanda yerli özünü idarəetmə orqanlarına-bələdiyyələrə seçkilər keçiriləcək. Təbii ki, istənilən seçki cəmiyyətdə ictimai fəallığı artırır.

Elə isə siyasi partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır?

Bu sual ilk cavab verən REAL Partiyasının sədri Natiq Cəfərli oldu. News365.az- a açıqlamasında o bildirdi ki, bizim partiya bələdiyyə seçkilərinə qatılıb:

“Bakı, Sumqayıt, Gəncə və digər mərkəzi şəhərlərlə yanaşı bir sıra rayonlarda da bələdiyyələrə namizədlərimiz olacaq.Təbii ki, hədəfimiz irəli sürdüyümüz hər bir namizədin qələbəsinə nail olmaqdır. Və qalib gələn üzvlərimiz vasitəsi ilə bələdiyyənin işində REAL-ın aktiv fəaliyyətini təşkil etməkdir. Çünki, bizim partiya yarandığı gündən yerli özünü idarəetmənin vacibliyini və onların səlahiyyətlərinin artırılmasını dönə-dönə gündəmə gətirir. Seçkilərdən sonra partiyamızın növbəti niyyəti bələdiyyələrin gücünü və səlahiyyətlərini artırmaq yönündə  fəaliyyətimizi genişləndirməkdir. Biz göstərməyə çalışacağıq ki, əslində bələdiyyə necə olmalıdır...”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə News365.az- a bunları dedi:

“Parlament seçkilərindən sonra partiyamızda bələdiyyə seçkilərinə hazırlıq başladı. Namizədlərimiz müəyyənləşdirmək, onların anket məlumatlarını dəqiqləşdirmək prosesi artıq yekunlaşmaqdadır. Artıq namizədlərimizi irəli sürmüşük. Bir partiya olaraq bələdiyyə seçkilərində aktiv iştirak edəcəyik”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə News365.az- a bildirdi ki, ölkə üzrə 680 bələdiyyə var:

“Ona görə də partiyanın strukturuna belə bir tapşırıq vermişik ki, kimin yaşadığı ərazidə bu işə həvəsi varsa namizədliyini irəli sürsün. Ona görə də bələdiyyə seçkiləriylə bağlı işlər mərkəzləşdirilmiş qaydada yox, rayon təşkilatları səviyyəsində aparılır. Artıq çox sayda partiya üzvlərimiz yerlərdə öz namizədliklərini irəli sürüb.  Praktika göstərir ki, bələdiyyələrin cəmiyyətdəki proseslərə elə bir ciddi təsiri yoxdur. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır. Bununla belə bu seçkilər ona görə qatılırıq ki, həm üzvlərimizin seçki vərdişləri formalaşsın, həm namizəd olub insanlarla işləsinlər, həm də partiyanın məramını, məqsədini yerlərdə daha geniş şəkildə təbliğ eləsinlər. Bir sözlə, üzvlərimizin seçki təcrübəsini artırmaq üçün bunu bir fürsət kimi dəyərləndiririk. Yəni bu seçkidə xüsusi hədəfimiz yoxdur. Çünki, bələdiyyə üzvünün təsir imkanları yox dərəcəsindədir. Bələdiyyə sədrinin yenə az-çox təsir imkanları olur. Sədr olmaq üçünsə ilk növbədə bələdiyyə üzvü seçilməlisən”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevsə bunları söylədi:

“Bələdiyyə seçkilərində BAP da iştirak edir. Biz digər partiyalardan fərqli olaraq həm Prezident, həm parlament seçkilərində iştirak eləmişik. Seçkilərin nəticəsinə görə partiyamız parlamentdə təmsil olunur. İndi də bələdiyyə seçkilərinə qatılmışıq. Artıq namizədlərin siyahısı hazırdır. Bu gün həmin namizədlərin bir qismi ilə görüşdük. Bütün hazırlıqlarımız qaydasnca gedir”.

News365.az- a

Seçilən
5
news365.az

1Mənbələr