Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.
İttihama münasibət bildirən Havvaxanım Rüstəmova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Növbəti proses dekabrın 27-də davam edəcək.
Qeyd edək ki, "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir. Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.
Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Havvaxanım Rüstəmovanın cinayət işi üzrə 133 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlər arasında Dövlət Sosial Müdafiə Fondu da var.
Havvaxanım Rüstəmovanın işi üzrə zərərçəkmiş şəxslərə 428 min 375 manat ziyan vurub.
Qeyd edək ki, Hıvvaxanım Rüstəmova işçilərin sığorta ödənişindən yayınıb və bununla da o, Dövlət Sosial Fonduna 37 min manat ziyan vurub.
Ümumilikdə iş üzrə ziyan 465 min manat ziyan var. Amma Həvvaxanım Rüstəmova həmin ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.
Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.