AZ

"İlham Əliyev Azərbaycana misilsiz uğurlar qazandırıb" - Millət vəkili

"Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik etdiyi dövr olduqca mühüm bir mərhələ kimi tarixə düşmüşdür. Bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi möhkəmlənərək beynəlxalq siyasətdə təsirli və səmərəli qərar qəbul edən bir aktor olaraq tanınmışdır. Ötən dövrdə Azərbaycan dərin iqtisadi islahatlarla yanaşı, müstəqilliyin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və xalqın rifahının təmin edilməsi sahələrində böyük uğurlar əldə etmişdir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın sözlərinə görə,  cənab İlham Əliyevin müdrik siyasəti Azərbaycana misilsiz uğurlar qazandırmışdır:

"2003-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqa ünvanladığı tarixi müraciətində cənab İlham Əliyevin Azərbaycan dövlətinin gələcəyinə yönəlik yeganə düzgün seçim olduğunu vurğulamış və Onun rəhbərliyi ilə ölkənin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş və bununla da ölkəmizin inkişafında yeni bir proses başlanmışdır. Ulu Öndərin strateji yanaşması və uzaqgörən siyasətinə sadiq qalan dövlətimizin başçısı atasının müəyyən etdiyi milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək Azərbaycana misilsiz uğurlar qazandırmışdır.

Dövlət başçısının ilk prezidentlik dövrü ölkənin iqtisadi, siyasi və sosial sahələrdə əsaslı dəyişikliklərin həyata keçirildiyi bir mərhələ kimi diqqət çəkir. Xüsusilə, dövlət strukturlarında müasir idarəetmə mexanizmlərinin tətbiqi, vətəndaşların hüquq və azadlıqlarının daha geniş təminatı və beynəlxalq miqyasda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Onun uzaqgörən siyasətinin təzahürü olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun enerji mərkəzinə çevrilmiş, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri isə bu prosesin başlanğıcı olmuşdur. Xəzər dənizinin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmaqla yanaşı, bu strateji layihə Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirmişdir. Dövlət başçısının müdrik siyasəti nəticəsində reallaşdırılan bu layihə Azərbaycanın yalnız regional deyil, həm də qlobal enerji təhlükəsizliyində əhəmiyyətli bir tərəfdaşa çevrilməsinə şərait yaratmışdır.

Daha sonra həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin və strateji baxışının daha bir nümunəsi olmuşdur. Bu layihə Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün mühüm bir vasitəyə çevrilmişdir. Cənub Qaz Dəhlizi həm Azərbaycanın iqtisadi mənfəətlərinə xidmət etmiş, həm də ölkəmizin beynəlxalq müstəvidə strateji tərəfdaş kimi mövqeyini gücləndirmişdir.

Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü və etibarlı bir tərəfdaş kimi çıxış etməsini təmin etmişdir. Onun rəhbərliyi ilə Azərbaycan çoxşaxəli və balanslı xarici siyasət həyata keçirmiş, həm qonşu dövlətlərlə, həm də qlobal güclərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuşdur. Dövlət başçısının xarici siyasətinin ən diqqətəlayiq cəhətlərindən biri Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi olmuşdur. Azərbaycan pandemiya dövründə bu təsisata sədrlik edərək qlobal miqyasda həmrəyliyin təmin olunmasına və ehtiyac içində olan ölkələrə yardım göstərilməsinə xüsusi diqqət yetirmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ilin Vətən müharibəsində 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etmişdir. Müharibə dövründə dövlət başçısının beynəlxalq media və diplomatik arenada göstərdiyi fəaliyyət Azərbaycanın haqq işini dünyaya çatdırmaq baxımından əhəmiyyətli olmuşdur. Onun qətiyyətli çıxışları, beynəlxalq ictimaiyyətə ünvanlanan mesajları və hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi strateji uzaqgörənlik Azərbaycanın Qələbəsini şərtləndirən əsas amillərdən biri olmuşdur.

2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tarixi uğurla sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik”.

Müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir. Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan müasir yaşayış məntəqələrinin tikintisi, bu regionların yenidən Azərbaycanın iqtisadi və mədəni həyatına inteqrasiyasını təmin etmişdir. Bu ərazilərin tarixi və mədəni irsinin bərpası xüsusi diqqət mərkəzində saxlanmışdır. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və orada keçirilən beynəlxalq tədbirlər, bu şəhərin əvvəlki əzəmətinə qovuşması yolunda mühüm addımlar olmuşdur.

Prezident İlham Əliyevin 2003-2024-cü illərdəki fəaliyyəti ölkənin strateji hədəflərinin düzgün müəyyən edilməsi və bu hədəflərə nail olunmasında qətiyyətli qərarların qəbul edilməsi ilə səciyyələnir. Bu illər Azərbaycan tarixində müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və xalqın rifahının təmin edilməsi baxımından qızıl dövr kimi yadda qalacaqdır.

Ötən dövr Azərbaycan xalqının gücünü, iradəsini və həmrəyliyini bütün dünyaya nümayiş etdirən bir mərhələ olaraq tarixə həkk olunmuşdur. Prezident İlham Əliyev təkcə keçmiş nailiyyətlərə görə deyil, həm də gələcəyə yönəlik strateji baxışları ilə xalqının və dövlətinin gələcəyini formalaşdıran unikal bir lider kimi tarixə düşmüşdür". 

Seçilən
16
1
unikal.az

10Mənbələr