“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi” ilə heç-heçə edib – 1:1.
Bölgə təmsilçisinin futbolçusu İsmayıl Zülfüqarlı “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Oyunun gərgin keçəcəyini bilirdik. Komanda olaraq matça yaxşı hazırlaşmışdıq. Təssüf ki, ilk hissədə qol buraxdıq. Lakin toparlandıq və ikinci hissədə üstün oynadıq. Qələbə qazana bilərdik, sadəcə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik”.
“Neftçi”nin yetirməsi olan cinah oyunçusu sabiq klubuna qarşı meydana çıxmağın yaratdığı hisslərə toxundu:
“Mənə doğma olan, illərlə akademiyasında və əsas komandasında oynadığım “Neftçi”yə rəqib olmaq fərqli hissdir. Bu dəfə “Turan Tovuz”un formasını geyinmişdim və komandam üçün maksimumu etməyə çalışdım”.
“Turan Tovuz” 18 turdan sonra 3-cü sırada qərarlaşıb. Zülfüqarlı komandanın çıxışını dəyərləndirdi:
“Çempionat çox gərgin keçir. Bu mövsüm bütün komandalar istəkli və inamlıdır. Biz də arzuluyuq. Olduğumuz yer bizi qane etmir, daha irəli getmək və mövqeyimizi möhkəmləndirmək istəyirik. İkinci dövrədə daha yaxşı futbol göstərməyə çalışacağıq”.
Şahin Cəfərov