AZ

Elm və təhsildə dünyadan xeyli geridəyik - Yeni deputatla MÜSAHİBƏ

Fariz İsmayılzadə ilk dəfə parlament üzvü seçilən deputatlardandır. O, VII şağırış Milli Məclisdə 77 saylı Lənkəran seçki dairəsini təmsil edir. Hazırda Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. O, həm də ADA Universitetində prorektor vəzifəsində çalışır.


Modern.az saytı Milli Məclisin gənc deputatlarından olan Fariz İsmayılzadə ilə müsahibəni təqdim edir:
 

- Fariz müəllim, öncə ondan başlayaq ki, deputat olmaq qərarına necə gəldiniz?
 

- 18 ildir ki, ADA Universitetində işləyirəm. Ora hələ Diplomatiya Akademiyası ikən fəaliyyətə başlamışam. Biz bu 18 ildə rektor Hafiz Paşayevin rəhbərliyi altında Azərbaycanın ən aparıcı universitetini qura bildik. Təbii ki, bir qurumda 18 il işləmək kifayət qədər uzun müddətdir. Daha sonra qərara gəldim ki, parlament seçkilərində iştirak edim və fəaliyyətimi burada da davam etdirim. Beləcə, prosesə qatılıb millət vəkili seçildim.
Bununla yanaşı, qanunvericiliyin verdiyi imkanlar daxilində pedoqoji fəaliyyətimi də davam etdirirəm. ADA-da bakalavr pilləsində xarici siyasət mövzusunda dərs deyirəm. Eyni zamanda ictimai əsaslarla prorektor vəzifəsində qalmışam.
 

- Qeyd etdiyiniz kimi, deputat fəaliyyətilə yanaşı, ADA Universitetində dərs deyirsiniz. Hansı sahə asan, hansı çətindir?
 

- Mən hər iki işə məsuliyyətlə yanaşıram. Millət vəkili olmaq, millətimizi təmsil etmək, qanunvericiliklə məşğul olmaq dövlət işidir. Çox böyük məsuliyyət tələb edir. Eyni zamanda təhsil və pedoqoji iş də ölkəmiz üçün vacib sahələrdir. Tələbələrin qarşısına çıxmaq, onlara müəyyən imkanlar yaratmaq mənim üçün ən vacib həyat missiyalarından biridir.
 

- Milli Məclisdə Elm və təhsil komitəsinin sədr müavinisiniz.Təhsil sahəsindəki vəziyyətlə bağlı düşüncələriniz nələrdir? Bu sahədə hansl dəyişikliyə ehtiyac var?
 

- Düşünürəm ki, bu sahədə qanunvericiliyə yeniliklər gətirə bilərik. Ölkədə təhsilin və elmin inkişafı istiqamətində çoxlu yeniliklər edilə bilər. Hazırda Azərbaycanda təhsil və elm sahəsi sürətlə inkişaf edir. 20 il bundan öncəki dövrlə müqayisə etsək, yeni universitetlər, təhsil ocaqları açılır, məktəblərin maddi-texniki bazası, xaricdə təhsil, ikili diplom proqramları inkişaf edir. Yəni təbii ki, çox böyük irəliləyişlər var. Amma eyni zamanda biz hələ dünya standartlarından geridəyik. O mənada ki, dünyadakı universitetlər təhsil və elm ocaqları olmaqla yanaşı, həm də müəyyən innovasiyaların baş verdiyi məkanlar sayılır. İnnovasiyalar bazara çıxarılır və iqtisadi inkişafa təkan verir. “Start up”lar, innovasiyalar iqtisadi inkişafla paralel gedir. Bizdə bu proses hələ xeyli geridədir. Hələ də klassik olaraq, univeristetlərimizə yalnız tədris ocağı kimi baxırıq. Elmi araşdırmalar zəif, innovasiya və bazara məhsulların çıxarılması ümumiyyətlə yox səviyyəsindədir.
 

- Onda sizin fikrinizcə, Azərbaycan universitetlərinin dünyanın aparıcı reytinqlərində yüksək yerlərə çıxması üçün hansı işlər görülməlidir?
 

- Son dövrlərdə dünyada da, Azərbaycanda da universitetlərin reytinqləri çox populyarlaşıb. Təbii ki, burada subyektivlik çoxdur. Həmin reytinqlərlə tanış olmuşam. Oradakı bəzi parametrlər, kriteriyalar subyektivdir. Ümumilikdə götürdükdə isə reytinqlərdə yuxarı qalxmaq üçün tədqiqat işləri aparılmalı, nəşrlərin, xarici tələbələrin sayı artmalıdır. Eyni zamanda, universitetlərin maddi-texniki bazası inkişaf etdirilməlidir. Xarici tələbələrlə yanaşı, məzunların işə götürülməsi məsələsinə diqqət yetirilməlidir. Bunlar bazarda nə qədər uğur qazanarlarsa, o qədər də reytinqlərdə qabağa gedərik. Yəni biz təhsilin keyfiyyətini də gücləndirməliyik ki, tələbələr müasir dövrün tələblərinə cavab verən bilik və bacarıqlar əldə edib bazarda iş tapa bilsinlər.
 

- Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının üzvü olmusunuz. Bəzən deyirlər ki, test üsulunun təkmilləşdirilməsinə ehtiyac var. Siz necə düşünürsünüz?
 

- 2016-cı ildə cənab Prezidentin sərəncamı ilə DİM-in Direktorlar Şurasına üzv təyin olundum. 8 il orada çalışmışam. Ümumilikdə götürdükdə Azərbaycanda DİM-in fəaliyyəti bəyənilir. Çünki qurumun fəaliyyətində şəffaflıq təmin olunub. Cəmiyyət tərəfindən DİM-ə böyük inam var. Nəinki ali məktəbələrə qəbul imtahanları, eyni zamanda dövlət qulluğuna imtahanlarda da bu quruma böyük inam var. Nazirliklər də DİM-dən istifadə edir və şəffaflıq təmin olunur. Onu da deyim ki, müəyyən yeniliklərin ortaya çıxmasına ehtiyac var. Çünki dünyada hazırda təhsil də çevikləşib və sürətlə dəyişir. İslahat təklifi kimi tələbələrin qruplararası köçürülməsini irəli sürərdim. Çünki hazırda I qrupa daxil olan tələbə tədris zamanı II qrupa girə bilmir. Amma buna böyük ehtiyac var. Hesab edirəm ki, bu məsələlərdə çeviklik göstərməliyik.
 

- Elm sahəsində hansı mütərəqqi addımlara ehtiyac var, nələr təklif edirsiniz?
 

- Bəli, biz elmə diqqət yetirməliyik. Elm və  innovasiyalar bir-biri ilə bağlı olan anlayışlardır. Yeni məhsullar istehsal edib bazara çıxarılmasını, dünyada uğurlu “start up”larımızın olmasını istəyiriksə, elmə diqqət yetirməliyik. Xüsusilə araşdırma və tədqiqatlara, gənclərin elmə cəlb olunmasına diqqət yetirilməlidir. "Start up”ların inkişafı üçün müəyyən "start up" mərkəzləri yaradılmalıdır. Bütün bunlar müasir dövrün tələbləridir. Biz universitetlərə elm işləri üçün qrantlar ayırmalıyıq.
 

- Deputat seçildikdən sonra elm və təhsil naziri Emin Əmrullayevlə görüşünüz olubmu? Nələri müzakirə etmisiniz?
 

- Emin Əmrullayevlə demək olar ki, hər həftə görüşürük. Çünki biz həm eyni tədbirlərdə oluruq, həm də bəzən ADA Universitetində görüşürük. ADA Universitetinin strateji planlarını və inkişaf istiqamətlərini müzakirə edirik. Eyni zamanda bu yaxənlarda büdcə müzakirələri oldu və biz həmin müddətdə tez-tez görüşürdük. Ümumiyyətlə, danışıb müzakirə etdiyimiz məsələlər yuxarıda qeyd etdiklərim - universitetlərin inkişafı, təhsil islahatları, universitetlərə verilən muxtariyyət imkanları, qanunvericilikdə dəyişikliklər, elmin və “start up” ların inkişafı kimi mövzulardır.
 

- Azərbaycan diplomatiyasının fəaliyyəti barədə nə deyə bilərsiniz?
 

- Azərbaycan diplomatiyası ilə 2006-cı ildən bağlıyam. Hətta bundan öncə ABŞ-da oxuyanda Vaşinqtondakı səfirlikdə praktika da keçmişəm. Yəni səfirliklərin, Xarici İşlər Nazirliyinin fəaliyyətilə yaxından tanışam. 
Biz 2006-cı ildən başlayaraq təlimlər keçiririk. Aşağı, orta, həm də yüksək səviyyəli diiplomatların təlimləri ilə məşğul oluruq. Yəni XİN-in daxili mətbəxini yaxından tanıyıram. Parlamentdə "Diplomatiya xidməti haqqında" qanunun müzakirəsində çıxış edib öz fikirlərimi bildirdim. Biz diplomatlarımızın fəaliyyətini çox yüksək qiymətləndiririk. Son 30 ildə çox aktiv fəaliyyət göstəriblər. Qarabağın azad olunması istiqamətində çox böyük işlər görüblər. Beynəlxalq təşkilatlarda müəyyən qətnamələrin qəbul olunmasında böyük rolları var. Bəzən diplomatlarımız mürəkkəb və təhlükəli situasiyalarda çalışıblar. Çox böyük nailiyyətləri mövcuddur. Eyni zamanda, dünyadakı situasiya da, regiondakı vəziyyət də dəyişir. Diplomatlarımız daha çevik olmalı, müasir kommunikasiya, informasiya metodlarından istifadə etməlidirlər. Mədəniyyət və ictimai diplomatiyaya çox böyük diqqət yetirilməlidir. Gələcəkdə diplomatlarımız tək siyasi məsələlərdə yox, mədəniyyət sahəsində də çox aktiv olmalıdırlar.
 

- Azərbaycan diasporunun işini necə qiymətləndirirsiniz? Bu sahədə daha da irəli getmək üçün nələr edilməlidir?
 

- Mən ABŞ-də 5 il yaşamışam. Orada yaşayarkən diasporumuzla çox yaxından təmasda olmuşam. Orada məşhur təşkilatlar var. Məsələn, 1950-ci illərdə yaranmış Amerika-Azərbaycan Cəmiyyəti və onun rəhbəri Tomris Azəri ilə bərabər çalışmışıq. İcmada bayramlar qeyd olunub, həm də konqresdə lobbiçilik fəaliyyəti təşkil edilib, siyasətçilərlə görüşlər baş tutub. Hətta mən tələbə olanda “Azeri voice” adlı diaspor qəzeti dərc edirdim. Ümumiyyətlə götürsək, diaporumuz aktivdir və 90-cı illərlə müqayisədə alətlər də çoxalıb. İnformasiya şəbəkələri alətləri, sosial şəbəkələr mövcuddur. Siyasətçilərə əlçatanlıq artıb. Təşkilatların sayı çoxalıb. Onlar arasındakı əlaqələr güclənib. Çünki dediyim kimi, əlaqə saxlamaq üçün bu gün bir Vatsap mesajı yetərlidir. Ümid edirəm ki, bizim diasporumuz mehriban, vahid və möhkəm olacaq. Xarici siyasətlə bağlı mesajlarımızda diasporumuzun rolu çox vacibdir. 
 

- Ermənistan-Azərbaycan sülh danışıqlarının gələcəyini necə proqnozlaşdırırsınız? İrəvan sülh szişini imzalamağı nə vaxtadək uzadacaq?
 

- Qarabağ prosesində mən həm lobbiçilik etmişəm, həm də qəzetlərdə, xarici jurnallarda yazılarım çıxıb. Mən bu məsələni yaxından izləyirəm. BBC, “Əl-Cəzirə” və TRT kanallarında çıxışlarım olub. Ümumiyyətlə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra bu münaqişə bizim üçün bitib. Sülh sazişi də inşallah imzalanacaq.
Bu, Ermənistanın yerdə qalan maddələrə razılıq verməsi ilə mümkündür. Cənab Prezidentin Rusiya telekanalına çox geniş müsahibəsi oldu. Orada çox ətraflı izah olundu ki, biz Ermənistandan fikir aydınlığı, o cümlədən konstitusiyalarını dəyişmələrini gözləyirik. Hüquqi məhkəmələrdə hər iki tərəf bir-birinə qarşı  “hücumlardan” imtina etməli, eyni zamanda sərhəddəki məsələlər həll olunmalıdır. Proseslər buna doğru gedir. İrəliləyiş gözləmək olar.
 

- Ermənistan Azərbaycana vurduğu ziyana görə təzminat ödəməlidir. Bununla əlaqədar Ermənistan tərəfindən hələ heç bir addım atılmayıb. Ermənistanı buna necə məcbur etmək olar?
 

- Bəli, Azərbaycan hökuməti araşdırma aparıb və bizim ekspertlərimiz dəqiq olaraq ölkəmizə vurulan ziyanın təxmini məbləğinin 150 milyard olduğunu aşkar edib. Söhbət bundan gedir ki, Ermənistan ya bu təzminatı ödəməli, ya da hər iki ölkə sülh sazişi çərçivəsində bir-birinə qarşı hüquqi məhkəmələrdən imtina etməlidir. Yəni sülh sazişi naminə təzminat məsələsi dayandırıla bilər.
 

- Ermənistan Azərbaycana qarşı “informasiya müharibəsi” aparmaqdadır. Bu sahədə onlardan irəlidəyik, yoxsa geri qalırıq?
 

- Ermənistanın əsas üstünlüyü onun güclü diasporunda, lobbisindədir. Dünyanın bütün ölkələrində bizə qarşı fəaliyyət göstərirlər. Üstünlükləri ondan ibarətdir ki, həm yerli parlamentlərdə, həm də mediada çox aktiv əlaqələri, təmsilçilikləri var. Bu, son 100 ildə onların diasporu tərəfindən qurulmuş əlaqələrdir. Bizə qarşı hücumlar edirlər. Təbii ki, biz bu hücumlarda özümüzü müdafiə edirik, buna məcburuq. Biz də son 30 ildə Azərbaycanın təbliğatı, xarici siyasətlə bağlı mesajlarını çatdırmaq, işğalın və məcburi köçkünlərin vəziyyətini  izah etmək üçün müəyyən işlər görümşük. İstərdim ki, xüsusilə Avropa və Şimali Amerikada informasiya təbliğatımızı bir az da gücləndirək.
 

- Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının üzvü kimi Rusiya-Ukrayna müharibəsini necə şərh edərdiniz?
 

- Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə çox yaxşı əlaqələri var. Hər iki ölkə bizə yaxındır. Azərbaycan həm Ukraynanın, həm də Rusiyanın ərazi bütövlüyünü tanıyır. İstərdik ki, regionda sülh və əmin-amanlıq, əməkdaşlıq olsun.
 

- Sizcə, Donald Trampın andiçməsindən sonra Rusiya-Ukrayna müharibəsinin aqibəti necə olacaq?
 

- Biz çox ümid edirik ki, 2025-ci ildə, xüsusilə də Donald Trampın hakimiyyətə gəlməsindən sonra müharibə dayanacaq və müəyyən sülh proses başlayacaq. Beləliklə də, regionda sabitlik yaranacaq. Hər halda regionda sabitlik bizim üçün də vacbdir. Azərbaycan regionda həm ərazi bütövlüyünü dəstəkləyən tərəfdir, həm də iqtisadi əməkdaşlığın və ticarət dəhlizlərinin inkişafının tərəfdarıdır.
 

- Yaxın Şərqdə baş verənlər, xüsusilə də Suriya hadisələri dünyanın diqqət mərkəzindədir. Türkiyə bu məsələdə nə itirib, nələr qazanıb?
 

- Oxşar olaraq Yaxın Şərqlə bağll demək istərdim ki, Azərbaycan burada da sülhün tərəfdarıdır. Bizim həm İsrail, həm də müsəlaman ölkələri ilə yaxşı əlaqələrimiz var. Ticari əlaqələrimiz inkişaf edir, investisyalarımız artır. Biz istərdik ki, sülh və əmin-amanlıq olsun. Eyni zamanda, sabitliyin və terrorla mübarizənin güclənməsinin tərəfdarıyıq. Suriyada baş verən hadisələrdən sonra Türkiyənin təbii ki, mövqeləri güclənib. Bizim üçün də bu  yaxşıdır, çünki Türkiyə müttəfiqimizdir. Amma təbii, yaxşı olardı ki, Suriyanın ərazi bütövlüyü təmin olunsun və separatçılar məğlub edilsin.

- Deputatı olduğunuz 77 saylı Lənkəran şəhər seçki dairəsində insanların narahat edən məsələlər nələrdir, sizə müraciətlər ən çox nələrlə bağlı olur?
 

- Seçkilər ərəfəsində - avqust ayında 11 dəfə 77 saylı seçki dairəsində olmuşam. Həm kəndlərdə, həm də məntəqələrdə seçicilərlə görüşlərim baş tutub. Onların problemlərini, qayğılarıını dinəmişəm. O gündən başlayaraq, 77 saylı seçki dairəsinin, ümumilikdə götürdükdə doğma Lənkəran şəhərinin inkişafında səylərimi əsirgəmirəm. Təhsil layihələri, treninqlər həyata keçiririk. Həkimlərin Bakıdan oraya səfərini, vətəndaşların pulsuz müayinələrini  təşkil etmişdik. Eyni zamanda, regionda olan məsələləri, infrastruktur problemləri Bakıda müəyyən dairələrdə, nazirlik və agentliklərdə qaldırıram. Həmin problemlərin həllinə çalışırıq. Xüsusi bir problemin adını çəkmək istəmirəm, lakin ümumi götürsək, vətəndaşları, gəncləri narahat edən məsələlərin həllini həm qanunvericilik yolu, həm də müxtəlif inzibati yollarla tapmağa çalışırıq.
 

- Xüsusi hobbiləriniz varmı?
 

- Kitab oxumaq, idmanla məşğul olmaq və səyahət etmək kimi standart hobbilərim var.

phrase_var_article.chosen
0
4
modern.az

5phrase_var_article.sources