Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə çərçivəsində növbəti infotur Böyük (Dördkünc) Mərdəkan qəsri və Kiçik (Dairəvi) Mərdəkan qəsrlərinə həyata keçirilib.
“İki sahil” xəbər verir ki, layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaq və tarixi abidələri qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.
İnfotur zamanı qonaqlar və media nümayəndələri üçün Böyük və Kiçik Mərdəkan qəsrlərinə, həmçinin ətraf ərazilər olan Tuba Şah məscidi və Şeyx Kazım hamam kompleksinə ekskursiya təşkil olunub. Yerli ekspertlər tərəfindən abidələr haqqında önəmli faktlar gənclərin diqqətinə çatdırılıb, infotur tələbə gənclərin marağına səbəb olub. Ölkənin bir neçə ali və orta ixtisas məktəbi tələbələrinin təmsil olunduğu infoturda gəncləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Layihə çərçivəsində ölkədə mövcud olan bir sıra tarixi məkanlara infoturlar təşkil olunaraq ekspertlər tərəfindən seminarların keçirilməsi planlaşdırılıb. Xatırladaq ki, “Mədəni irsini qoru” layihəsi çərçivəsində ilk infotur Qobustan Milli Tarix-Bədii Qoruğunda baş tutub.