Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə xəritəsi yaradılır.
Bununla bağlı bəyannamə imzalanıb.
Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə idarəsinin rəisi, general-mayor Osman Alp bildirib ki, TDT-yə üzv ölkələrdəki xəritəçəkmə qurumlarının ekspertlərindən ibarət işçi qrupu yaradılacaq
“Bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübənin bölüşdürülməsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə istehsalı üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb", - o qeyd edib.
General-mayor bildirib ki, əsas məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır:
"Hesab edirik ki, tarixi proses boyunca Türk dövlətlərinin yaşadıqları və müxtəlif coğrafiyalara ayaq basdıqları bölgələri özündə birləşdirən və Türk dövlətlərini bütün mövzuları ilə göstərən ortaq Türk Dünyası xəritəsi yenidən hazırlanmalıdır. Bildirim ki, belə bir xəritə bizi çox həyəcanlandırır”.
General-mayor Osman Alp xəritənin təfərrüatları barədə bunları deyib:
“Məsələn, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhalinin bölgüsü, miqrasiyaları, mədəni sərvətləri, adət və ənənələri, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdirildikdə görünür ki, müxtəlif coğrafiyalarda çoxlu eyni və ya oxşar mövzuların olduğu, bir ölkədə olan adət-ənənin və ya kənd adının başqa ölkədə də istifadə olduğu, bir yeməyin bir neçə ölkədə bişirildiyi aydın görüləcək. Məsələn Kayseri xalçasında istifadə edilən motivlərin Azərbaycan və Qazaxıstanda da istifadə edildiyini görə biləcəyik".
Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən ana xəritə sürətlə hazırlanacaq.