AZ

Böyük Qayıdış proqramı regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə yönəlib

Məlum olduğu kimi, Böyük Qayıdış ölkəmizin işğaldan azad edilmiş ərazilərinə vətəndaşların yenidən köçürülməsi və bu ərazilərin yenidən qurulması prosesini əhatə edən strateji bir proqramdır. Bu plan, 2020-ci ildə Vətən müharibəsi nəticəsində azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrinə əhalinin qayıdışını təmin etmək məqsədilə həyata keçirilir. Böyük Qayıdış həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyan bir dövlət siyasətidir.

 

Sfera.az bildirir ki, Ermənistanın 30 il davam edən işğalı nəticəsində Qarabağ və ətraf rayonlarda şəhərlər və kəndlər dağıdılıb, infrastruktur məhv edilib. Böyük Qayıdış bu ərazilərin yenidən inşa edilməsini, sakinlərin əvvəlki yaşayış yerlərinə qayıtmasını və orada yenidən dayanıqlı həyat qurmasını təmin edir. Azad olunmuş ərazilərdə infrastruktur, evlər, məktəblər, xəstəxanalar, yollar və digər sosial obyektlər tikilir. Bu, əhalinin doğma torpaqlarına geri qayıtmasını mümkün və rahat etmək üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, Qarabağ və ətraf rayonlar Azərbaycanın tarixi torpaqlarıdır. Böyük Qayıdış isə bu ərazilərin tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılmasını simvollaşdırır və milli qürurun göstəricisidir. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı Azərbaycanın demoqrafik vəziyyətinə müsbət təsir edir. Bu, ölkənin birliyi və ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə xidmət edir. Azad olunmuş ərazilərin yenidən bərpası həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu, kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrin inkişafına təkan verir. Böyük Qayıdış həm də Azərbaycanın ümumi iqtisadi inkişafına mühüm təsir göstərir.

 

Böyük Qayıdış proqramı eyni zamanda regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə yönəlib. Azərbaycanın bu ərazilərdə yaratdığı yeni sosial-iqtisadi mühit regionda yeni reallıqlar formalaşdırır. Bu proqram Azərbaycan xalqının işğaldan sonra uzun müddətdir gözlədiyi və vətən torpaqlarına qayıdışın mümkünlüyünü gerçəkləşdirən bir prosesdir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işlər hələ də davam etdirilir. İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görülür. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib. 2024-cü ilin ilk ayında Qarabağ və Şərqi Zəngəzura 6 dəfə köç həyata keçirilib. Həmçinin yeni yolların çəkilməsi, müasir rabitə infrastrukturunun qurulması, enerji təminatının yaxşılaşdırılması və digər mühüm layihələr həyata keçirilir. Hazırda işğaldan azad olunmuş ərazilərdə təqribən 30 min nəfər yaşayır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. 

 

Türkan


Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Seçilən
4
sfera.az

1Mənbələr