Mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir. Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik.
Trend xəbər verir ki, bunu bu gün “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilmiş konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
"Vahid ruhani formasının qəbulunda məqsəd – hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir. Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır”, - deyə sədr qeyd edib.