AZ

Bizim öz “Dəmir günbəz”imiz olacaq - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkədə tamamilə Amerika istehsalı olan yeni raketdən müdafiə sistemi yaradacağını bəyan edib.

Herbiand.az RİA Novosti-yə istinadən bildirir ki, Tramp bunu dekabrın 22-də Arizona ştatında Turning Point USA konfransında çıxışında söyləyib.

Gələn il yanvarın sonunda vəzifəsinin icrasına başlayan Tramp mövzunun davamı olaraq bunu deyib: “Mən ordumuza tam olaraq ABŞ-da istehsal olunacaq böyük raket əleyhinə qalxan olan “Dəmir günbəz”in tikintisinə başlamağı əmr edəcəm”.

Onun sözlərinə görə, ABŞ prezidenti Ronald Reyqan belə bir raketdən müdafiə sistemi qurmaq niyyətində idi, lakin o zaman ABŞ ordusunda lazımi texnologiyalar yox idi.

Tramp əmin olduğunu bildirib ki, hazırkı müdafiə imkanları ABŞ-a “iynəni göydən vurmaq” imkanı verir.

Qeyd edək ki, “Dəmir günbəz” İsrailin Rafael Advanced Defence Systems və Israel Aerospace Industries şirkətləri tərəfindən hazırlanmış mobil hava hücumundan müdafiə sistemidir. Sistem 4-70 km məsafədən atılan qısa mənzilli raketləri və artilleriya mərmilərini tutmaq və məhv etmək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr