1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Amerikalı milyarder İlon Mask heç bir zaman ABŞ-nin prezidenti ola bilməz".
Oxu.Az-ın "Politico"ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bəyan edib.
O, prezidentliyi Maska güzəştə getməsi barədə məlumatları "yeni mistifikasiya" adlandırıb.
"Yeni bir dezinformasiya yayılıb ki, guya Tramp prezidentliyi İlon Maska güzəştə gedib. Xeyr, bu baş verməyəcək - o, prezident olmayacaq, mən təhlükəsizlikdəyəm. Bilirsiniz niyə o, prezident ola bilməz? Çünki bu ölkədə doğulmayıb", - deyə Tramp izah edib.
ABŞ Konstitusiyasına görə, prezidentliyə yalnız ölkə ərazisində doğulmuş ABŞ vətəndaşları namizədliyini irəli sürə bilər. İlon Mask isə 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub və Amerika vətəndaşlığını yalnız 2002-ci ildə, 31 yaşında alıb.
Bununla belə Donald Tramp qeyd edib ki, İlon Mask biznes və texnologiya sahəsində parlaq iş görüb.
"O, əla işləyib, onu təbrik edirəm. Amma o, prezident ola bilməz, qanun belədir", - deyə siyasətçi yekunlaşdırıb.
Bundan əvvəl xəbər verilmişdi ki, Mask əslində ABŞ-nin "kölgə prezidenti"dir. Jurnalistlər bu nəticəyə biznesmenin federal hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsinin müzakirəsinə fəal müdaxiləsindən sonra gəliblər.