Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Hökumət Səmərəliliyi Departamentinə rəhbərlik etməsi üçün vəzifələndirdiyi İlon Maska prezidentliyi təhvil verdiyi ilə bağlı iddiaları təkzib edib.
ABŞ-ın Arizona ştatının paytaxtı Feniksdə təşkil olunan tədbirdə çıxış edən Tramp Maskın təsirinin artdığına dair iddiaların siyasi rəqiblər tərəfindən ortaya atılan bir uydurma olduğunu bildirib. O, prezidentliyin İlon Maska təhvil verildiyi iddialarını rədd edərək onun ABŞ-da doğulmadığını və buna görə prezident olmağa uyğun olmadığını vurğulayıb.
Ölkədə büdcə layihəsinə ilk tənqid Trampın Hökumət Səmərəliliyi Departamentinə həmsədr təyin etdiyi Maskdan gəlmiş, bunun ardınca onun təsirinin artdığına dair iddialar ortaya atılmışdı. ABŞ Konqresi 1 oktyabrda başlayan 2025-ci maliyyə ilində hökumətin maliyyə çatışmazlığı səbəbindən bağlanmasının qarşısını almağa yönəlmiş ilk müvəqqəti büdcə layihəsini sentyabr ayında təsdiqləmişdi. ABŞ prezidenti Co Bayden tərəfindən imzalanaraq qüvvəyə minən müvəqqəti büdcə ilə hökumətə 20 dekabra qədər maliyyə təminatı verilməsi nəzərdə tutulmuşdu. Bu tarixə az qalmış Respublikaçı və Demokrat Partiya hökumətə mart ayına qədər maliyyə təminatı verilməsini nəzərdə tutan büdcə layihəsi üzərində həftənin əvvəlində razılığa gəlmişdilər. Ancaq Donald Tramp razılaşdırılmış müvəqqəti büdcə layihəsini məntiqsiz və son dərəcə bahalı adlandıraraq buna qarşı çıxmış və Konqres üzvlərini layihəni rədd etməyə çağırmışdı.