AZ

Prezident İlham Əliyevin səmərəli siyasi-diplomatik fəaliyyəti, Azərbaycanı beynəlxalq aləmdə söz sahibi edib

Artıq 21 ildir Prezident İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı dinamik inkişaf yolu ilə qələbədən-qələbəyə, daha yüksək nailiyyətlərə doğru inamla aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, pandemiyanın yaratdığı çətinliklərə, eləcə də beynəlxalq təzyiqlərə baxmayaraq, dövlətimizin başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və əzmkarlıq, qətiyyət və siyasi iradə, xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirib. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoydu və bu mütərəqqi proses Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün də böyük səmərəliliklə davam etdirilir.

Bunu  Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

Deputat bu məqamı xüsusi qeyd edib ki, bu il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri, sözün əsl mənasında, Zəfər seçkisi idi. Müstəqilliyimizdən bəri ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçirildi. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tam və qəti Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Müharibə nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Vətən müharibəsi Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Zəfərlə başa çatdı. Bu Zəfərin davamı olaraq ötən ilin sentyabrında Azərbaycan həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa etdi. 2003-cü ildə ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində öz xalqına müraciətində Azərbaycan xalqının və dövlətinin milli maraqlarını qoruyacağına, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə söz verən cənab İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlətimizin başçısı xalqa verdiyi bütün vədlərə və Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə tam əməl etmiş oldu.

Prezident İlham Əliyevin fəaliyyətinin müasir şəraitdə rasional idarəçiliyin bariz nümunəsi olduğunu vurğulayan deputat qeyd edib: “Bu gün istər ölkəmizdə gedən proseslər, istərsə də Azərbaycanın qlobal siyasi arenada cərəyan edən hadisələrdə yeri və rolu bunu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkənin idarəetmə sisteminə gətirdiyi rasional siyasi davranış modeli ən yüksək effektivliyə malikdir. Dövlətimizin başçısı həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, müsbət, milli məqsədlərə xidmət edən və siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi təqdim etdi. Azərbaycan Prezidenti öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Bu gün biz, həmçinin birmənalı olaraq deməliyik ki, dövlətimizin başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bu yaxınlarda Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gedişində isə bu siyasətin həm də ümumbəşəri humanizm ideyalarına sadiq olduğunu bütün dünya bir daha gördü. Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazandığı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı statusunu bir daha nümayiş etdirdi və daha da möhkəmləndirdi. COP29 məhz Prezident İlham Əliyevin səmərəli siyasi-diplomatik fəaliyyəti, yorulmaz səyləri və beynəlxalq aləmdə malik olduğu yüksək şəxsi nüfuzu sayəsində Azərbaycanın qazandığı növbəti titanik nailiyyətdir. Eyni zamanda, bu nüfuzlu beynəlxalq tədbirin möhtəşəm nəticələri bütün dünyada bəşəriyyətin qlobal iqlim problemləri qarşısında müdafiə imkanlarının genişləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir”.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətə də toxunan G.Qəhrəmanov bunun ən önəmli istiqamətlərindən birinin gənclərlə bağlı olduğuna diqqət çəkib. “Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ilk növbədə, gələcəyə hesablanmış dövlət siyasəti ölkə gəncliyinin potensialından maksimum istifadə olunmasını nəzərdə tutur. Gənclərin potensialından səmərəli istifadə olunması müasir müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Dövlətimizin başçısının gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadrlar kimi formalaşmalarına, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi dəyərləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik var. Ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı bunu bir daha sübut edir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstəyi və diqqəti nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə və istedadına inam hissi ən yüksək səviyyədədir”, – deyə Milli Məclisin deputatı qeyd edib.

Seçilən
14
5
xalq.az

6Mənbələr