AZ

İsveç HDQ yeni gəmi əleyhinə raketlə silahlanacaq

Saab şirkəti RBS-15 mobil gəmi əleyhinə raket qurğularının Mk4 versiyasına modernləşdirilməsi üçün İsveç Müdafiə Təchizatları Agentliyi ilə müqavilə imzalayıb.

Herbiand.az Naval News-a istinadən bildirir ki, sifarişin ümumi dəyəri 800 milyon İsveç kronu (təxminən 70 milyon avro) təşkil edir. Yeni sursatların tədarükü 2026-cı ildə başlayacaq.

Hazırda İsveç Hərbi Dəniz Qüvvələrinin sahil qüvvələri 2016-cı ildə istifadəyə verilmiş Mk2 versiyasının RBS-15 gəmi əleyhinə raketlərindən istifadə edir.

RBS-15 (Robotsystem 15) “yer-yer” və “hava-yer” tipli gəmi əleyhinə raketdir. Sistem Saab tərəfindən alman tərəfdaşı Diehl Defence ilə birgə işlənib hazırlanıb. İlk nəsil Mk1 sursatı 1980-ci illərin ortalarında İsveç Hərbi Dəniz Qüvvələrində silahlanmaya daxil olub. Raketin məsafəsi təxminən 70 km təşkil edir.

İsveç Mk2-dən birbaşa ən yeni Mk4 variantına keçəcək. Bu versiya daha uzun məsafəyə malik olacaq. Təyinat başlığı təkmilləşdirilib və raketin çəkisi azaldılıb. Bu sursatla İsveçin “Visby” sinifli korvetləri və JAS-39 “Gripen” qırıcılarının silahlanması planlaşdırılır.

RBS-15 gəmi əleyhinə raketlərin müxtəlif versiyaları Xorvatiya, Finlandiya, Tailand və Əlcəzairdə silahlanmada istifadə edilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr