Türkiyənin Quru Qoşunları Azərbaycanda rəsmi səfərdədir.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Məlumata görə, qardaş ölkənin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov türkiyəli qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanan Şuşa Bəyannaməsinin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Nazir regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın rolunu xüsusi vurğulayıb.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən ordu generalı S.Bayraktaroğlu mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin ölkələrimiz arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu qeyd edib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iki ordu arasında uyarlılığın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.