AZ

TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ətraflı təqdimatla çıxış edib. O, son illərdə Azərbaycanda səhiyyənin yeni inkişaf mərhələsini yaşadığını, Prezident İlham Əliyevin rəhbərliyi, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradıldığını, yeni xəstəxanaların tikildiyini, mövcud tibb ocaqlarının yenidən qurulduğunu bildirib.

Daha sonra Vüqar Qurbanov 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB və tabeli tibb müəssisələrinin fəaliyyətindən bəhs edib. O, 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə 22.1 milyon müraciət qeydə alındığını, 76.8 milyon tibbi xidmət göstərildiyini bildirib: “2023-cü ilin müvafiq dövründə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib. Belə ki, cari ildə müraciət sayında 9 faiz, göstərilən tibbi xidmət sayında isə 20 faizlik artım qeydə alınıb. Eyni zamanda, tabeliyimizdəki tibb müəssisələrinə gündəlik ortalama müraciət sayı cari ilin ötən dövrü ərzində 66 min, ötən ilin eyni dövründə isə bu rəqəm 60 min təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. 6 milyondan çox radioloji müayinə həyata keçirilib. Hesabat dövründə laborator xidmətlərin sayı 30.5 milyon olub ki, bu da keçən illə müqayisədə 34 faiz artım deməkdir. Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb. Ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb. Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb. Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisəslərinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2200–2300 arasında dəyişir”.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ildə bir çox dövlət və qeyri-dövlət müəssisələri, qurum və təşkilatları ilə TƏBİB arasında əməkdaşlığa dair memorandumların bağlandığını, həmçinin xarici ölkələrlə əməkdaşlıq sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb. O, hazırda 3315 sayda tibbi xidmətin əhaliyə ödənişsiz əsaslarla göstərildiyini deyərək, bu xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra idilməsinin mümkünlüyünü də söyləyib: “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 2023-cü ilin 11 ayı üzrə 572 milyon 710 min 547 manat təşkil etdiyi halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 809 milyon 724 min 452 manat təşkil etməklə, ümumilikdə, 42 faiz artıb. Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib. Beləliklə, icbari tibbi müayinələrin tələb olunduğu işlərdə və zərərli amillərlə işləyənlərin bütün müayinələri tam əhatə olunub. “Tibbi sığorta haqqında” Qanuna əsasən, sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib”.

TƏBİB-in İcraçı direktoru il ərzində ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində görülən işlərdən də bəhs edib, səhiyyə sahəsində görülən işləri doğru və ətraflı şəkildə vətəndaşlara çatdırdıqları üçün media nümayəndələrinə təşəkkür edib.

 

phrase_var_article.chosen
0
4
azertag.az

6phrase_var_article.sources