Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır”. Bu fikrin fəlsəfəsi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan gerçəkliklərinin dialektikasıdır.
Tarix təsdiqləyir ki, bütün müharibələrin səbəbi torpaq olub, ədalətsiz, işğalçılıq müharibəsi kimi tarixləşən belə müharibələr müəyyən zamandan sonra ərazisi işğala məriz qalmış dövlətin ədalətli müharibəsi ilə sonlandırılıb. Xislətində işğala meyil, işğalçıyla tərəfdaşlığı olmayan dünya ictimaiyyəti belə müharibələri bəyənir, onun bəşəri niyyətini dəstəkləyir, dünyanın sabahları üçün gərəkliyini bildirir.
2020-ci ilin 27 sentybarından sonra Azərbaycanın ədalətli müharibəsinə görə onu dəstəkləyən dövlətlər həm də dünyəvi niyyətləri dəstəkləyirdi, bəşəri istəkləri dəstəkləyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu qətiyyət xarici siyasəti işğalçılığa əsaslanan Ermənistanın xarici siyasətində ciddi dəyişiklik yaratmalı idi. Havadarlarının siyasi və hərbi dəstəyinə ümidlənib işğalçılıq siyasətini davam etdirən Ermənistan niyyətindən əl çəkmədi...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutdu. Bu, Ermənistanın ərazilərimizə geniş miqyaslı hücumu idi. Azərbaycan ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenri cənab İlham Əliyevin döyüş əmri ilə ordu hissələrimiz əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ölkə başçımız xalqa müraciətində bu müharibənin ədalətli müharibə olduğunu bildirdi. “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir...”. Ali Baş Komandanın bu qətiyyəti ədalətli müharibəmizdə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi...
Ordu hissələrimiz düşmənin müdafiə sədlərini darmadağın edərək irəliləyirdi, döyüşlərdə ilk qələbələr qazanırdı. Müharibənin ilk günündə Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Düşmənə elə gəlirdi ki, işğal müddətində müdafiə sədlərini möhkəmlətməklə işğal etdiyi əraziləri, Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirməyə nail olacaq. Bəzi ərazilərdə sədlərin möhləmləndirilməsini az qala dövlət sərhədləri səviyyəsinə çatdırırdı. Belə möhkəmləndirmələr Cəbrayıl rayonunda da vardı. Ölkə başçımızın dediyi kimi, “Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb”. Ordumuz bu sədləri də dağıtdı...
İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Ordu döyüşürdü, xalqın ruhu döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə bu döyüşləri “Vətən uğrunda gedən döyüşlər” kimi xarakterizə etdi. Oktyabrın 26-da xalqa müraciətində bu müharibəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı...
Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyir, irəliləyə-irəliləyə döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri müharibə gündəliyi idi. Ordumuz noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
Tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən döyüşlərlə tamamlandı. Kəlbəcər, Ağdam, Laçın rayonları döyüşsüz təslim edildi. Döyüşlə azad edilən rayonlarımız, kəndlərimiz kimi döyüşsüz təslim edilən rayonlarımız, kəndlərimiz də dağıdılmışdı. Niyyət – ermənilik niyyəti, Xislət – ermənilik xisləti, ermənilik xisləti – “duru suyu biulandırmaq” niyyəti...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il yanvarın 19-da imzaladığı Fərmanla işğaldan azad edilmiş ərazilərdə quruculuq və yenidənqurma işlərinə başlanıldı. Zəfər yolu müharibənin gedişində salındı, tarixi Zəfərdən sonra ən müasir yollar çəkilir, ən müasir binalar tikilir, ən müasir kəndlər salınır, ən müasir infrastrukturlar yaradılır. Füzulidə, Zəngilanda aeroport istifadəyə verildi, Ağdam-Füzuli yolu, Füzuli-Şuşa yolu, Murovdağdan Kəlbəcərə çəkilən möcüzə tunel yolu, ayrı-ayrı rayonlarda Su Elektrik Stansiyaları, sənaye müəssisələri, çoxmənzilli yaşayış binaları, ən müasir məktəb binaları, xəstəxanalar, ... quruculuq işlərinin coğrafiyası belədir.
Murovdağdan Kəlbəcərə çəkilən yolu qəlbimin hökmü ilə şeirləşdirmişdim, onu Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışa könlümün xeyir-duası bilirəm:
O illərdə başın üstən
qara yellər əsdi, Murov.
O yel əsdi...Əsdi, kəsdi...
İndi əsən
Bir ilahi səsdi, Murov...
Görən deyir:
O yol – elə, bu yol – belə...
Təzə yolun
Altı – torpaq, üstü – Murov...
Bu yol Zəfərin yoludu...
Qayıdış əhalinin doğma ocağına dönüşüdü, bu proses dövlət tərəfindən həyata keçirilir. Birinci Qarabağ müharibəsində işğal edilən, Horadiz əməliyyatında işğaldan azad olunan Cocuq Mərcanlı kəndi yenidən quruldu, bütün infrastrukturlarla təmin edildi. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ildə Sərəncam imzaladı. Bu Sərəncam Ermənistanın ədalətsiz müharibəsində əhalinin işğaldan azad edilmiş və yenidən qurulmuş kəndə qayıdışının – Böyük Qayıdışın başlanğıcı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam müharibənin dağıntılarının aradan qaldırılması, məcburi köçkünlərin didərgin ruhunun doğmalığa dönüşü baxımından İkinci Qarabağ ümahribəsində qazanılan tarixi Zəfərin məntiqi davamı oldu. Zəngilanın Ağalı kəndinin sakinləri 2022-ci ildə yenidən qurulmuş “ağıllı kənd”ə qayıtdı; uşaqlar cavanlar kimi, atalar babalar kimi, analar nənələr kimi, yaşlıların ruhu qayıtdı od salıb ocaq çatdığı ululuğa...
İşğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı, 2023-cü il sentyabrın 20-də Azərbycanın ərazi bütövlüyü tam bərpa edildi.
Bu ilin payızına kimi işğaldan azad edilmiş və yenidən qurulmuş ərazilərə (kəndlərə, şəhərlərə) 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında çıxışında xalqı xalq eləyən ruhun qürurundan qürurlandığını ifadə edərək dedi: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar”.
Bu gün Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində işləyənlər, təhsil alanların sayı 6 mindən çoxdur, çalışır və ya təhsil alır. Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində bu rəqəm 500-dür. İşğaldan azad edilmiş ərailərdə quruculuq işlərində 20 mindən çox mütəxəssis, fəhlə işləyir.
Sakinlər işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdır. Bu Qayııdış da Zəfərlə tamamlanacaq! Azərbaycanda yaxın vaxtlarda işğaldan əlamət qalmayacaq!..
Rəşid FAXRALI