AZ

Tanımadığımız şəxslərdən gələn linklərlə bağlı AKTA-dan XƏBƏRDARLIQ — Hesabınız ələ keçirilə BİLƏR

Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən onlayn anonim sorğu keçirilib.

Gundem.az AKTA-nın rəsmi saytına istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 87%-i sosial media hesablarında tanımadıqları şəxslər tərəfindən göndərilən keçidlərə (“link”lərə) daxil olmadığını bildirib.

Bununla yanaşı, respondentlərin 13%-i bu cür keçidlərə daxil olmağın təhdidləri barədə kifayət qədər məlumatlı deyil.

AKTA sosial media hesablarında tanımadığınız şəxslər tərəfindən göndərilən keçidlərə (“link”lərə) daxil olmağın risklərini də qeyd edib:

Fişinq hücumları (“Phishing”): Bu keçidlər sizi fərdi məlumatlarınızı (şifrə, bank kartı məlumatları, e-poçt və s.) ələ keçirmək üçün yaradılmış saxta vebsaytlara yönləndirə və sizi kiberdələduzların qurbanına çevirə bilər.

Zərərli proqramların yüklənməsi: Keçidlər vasitəsilə cihazınıza virus, "malware", "spyware" və ya digər zərərli proqramlar yüklənə bilər ki, bunun da nəticəsində, cihazınızın fəaliyyəti pozula, fərdi məlumatlarınız ələ keçirilə və ya maddi zərərlərə məruz qala bilərsiniz.

Hesabların ələ keçirilməsi: Keçiddə yer alan mexanizm vasitəsilə sosial media hesabınızın məlumatları oğurlana və  hesabınız kiberdələduzların əlinə keçə və başqa insanları aldatmaq üçün istifadə edilə bilər.

Maddi zərər: Bəzi keçidlər sizi saxta alış-veriş səhifələrinə və ya ödəniş tələb edən xidmətlərə yönləndirə bilər. Nəticədə, maddi zərər çəkə bilərsiniz.

Fərdi məlumatların qanunsuz ələ keçirilməsi: Keçidlər vasitəsilə sizin cihazınızdakı fərdi məlumatlara, fotolara və ya sənədlərə icazəsiz giriş əldə edilə bilər.

Kibercinayətkarların və ya kiberdələduzların şəbəkələrinə cəlb olunma: Keçidlər sizi zərərli şəbəkələrə və ya qanunsuz fəaliyyətlərə cəlb etmək məqsədi daşıya bilər.

Bu risklərdən necə qorunmaq olar?

Naməlum keçidlərə daxil olmayın: Tanımadığınız və ya etibar etmədiyiniz mənbələrdən gələn keçidlərdən uzaq durun.

URL-ləri diqqətlə yoxlayın: Keçidin həqiqi və təhlükəsiz olduğundan əmin olmaq üçün URL-ni diqqətlə yoxlayın.

Antivirus proqramından istifadə edin: Zərərli proqramlardan qorunmaq üçün lisenziyalı antivirus proqramı istifadə edin.

Hesabınızın təhlükəsizliyini gücləndirin: Şifrələrinizi müntəzəm olaraq dəyişdirin və mümkün olduğu halda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin.

Təhlükəsizlik parametrlərini yoxlayın: Sosial media hesablarınızdakı məxfilik və təhlükəsizlik parametrlərini nəzərdən keçirin və uyğun şəkildə tənzimləyin.

Qeyd edək ki, AKTA-nın apardığı müxtəlif cins və yaş kateqoriyalarını əhatə etmiş sorğuda ümumilikdə 450 respondent tərəfindən 10 sual cavablandırılıb.

 

Seçilən
0
4
gundem.az

5Mənbələr